Heydər Əliyevin görüşlərində təhsilin keyfiyyətinin yüksəldilməsi yolları

Heydər Əliyevin görüşlərində təhsilin keyfiyyətinin yüksəldilməsi yolları

Bakı.TurkicWorld:

Ulu öndər Heydər Əliyevin bütün fəaliyyəti boyu diqqət mərkəzində saxladığı sahə təhsil və maarif olmuşdur. İstər sovet dövrü, istərsə də müstəqillik dövrü hakimiyyəti illərində ümummilli lider Heydər Əliyev məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsini vətəndaş tərbiyəsində əsas amillərdən sayır, elmlərin əsaslarının dərindən mənimsənilməsində təlimin səmərəliliyinə, müxtəlif üsullardan istifadə edilməsinə diqqət yetirirdi. Hələ ilk hakimiyyəti dövründə o, sovet təhsil sisteminin biliklərin hazır şəkildə mənimsənilməsi üsuluna qarşı çıxır, yaradıcı təfəkkürə malik, müxtəif situasiyalardan baş çıxarmağı bacaran, müstəqil düşünən şagirdlərin yetişdirilməsini, müəllim hazırlığında təlim metodlarının müasir tələblərə uyğunluğunu təlimin qarşısında məsul və mürəkkəb bir vəzifə kimi qarşıya qoyurdu. Xüsusilə ana dili və ədəbiyyat dərslərinin keyfiyyəti, milətin varlığı olan dilin və ədəbiyyatın dərindən öyrənilməsini Heydər Əliyev şəxsiyyət formalaşması üçün şərt sayırdı.

Heydər Əliyevə görə, şəxsiyyət formalaşmasında ana dili və ədəbiyyat dərslərinin, millətin varlığı olan dilin və ədəbiyyatın dərindən öyrənilməsi başlıca şərtdir. O deyirdi: “Məktəbdə ana dilinin və ədəbiyyatn tədrisi formalarını və metodlarını daim təkmillədirmək, uşaqlarda sözə, obrazlı təfəkkürə məhəbbət hissi aşılamaq, onları ölkədə və respublikamızda …mədəniyyətin nailiyyətləri ilə, rus, dünya və Azərbaycan poeziyası və nəsri klassiklərinin yaradıcılığı ilə, …ədəbiyyatın qızıl fonduna daxil olmuş görkəmli əsərlərlə tanış etmək lazımdır. Ana dilini, dogma xalqın ədəbiyyatını, mədəniyyətini dərindən bilmək elmli adam üçün zəruri keyfiyyətdir, cəmiyyətin vətəndaşının şəxsiyyətinin hərtərəfli inkişafı üçün şərtdir”.

Müstəqillik dövrü hakimiyyəti illərində Heydər Əliyev məktəblərdə tarix fənninin tədrisinə ciddi fikir verirdi. Onun fkrincə, xalqın tarixini dərindən öyrənmək lazımdır. Sovet dövrü tarix dərslərində Azərbaycan tarixinə çox az yer verildiyini, daha çox dünya tarixi, SSRİ ölkələri tarixinin öyrədildiyini Heydər Əliyev yaxşı bilirdi. O, uşaqların tarixi keçmişimizə, soykökünə bağlılıq ruhunda, vətənpərvərlik ruhunda böyüdülməsinin əsaslarının məktəbdə qoyulmasını, tərbiyə edilməsini məktəbin, müəllimin vəzifəsi sayırdı: “Bizim tarixi, mədəni ənənələrimiz gərək orta məktəblərdə tədris olunsun. Çünki tariximizi, tarixi köklərimizi yaxşı bilmədən, onlara hörmət etmədən müstəqil dövlətimizi gələcəkdə yaxşı qura bilmərik. Ona görə də gənclər gərək öz köklərini, respublikamızın, xalqımızın tarixini bilərək bu gün də, gələcəkdə də vətənpərvərlik, Vətənə xidmət, Vətənə qayğı hissi ilə yaşasınlar”.

Heydər Əliyevi təkcə orta məktəblərdə deyil, orta ixtisas məktəbləri və ali məktəblərdə də tədrisin keyfiyyəti narahat edirdi. Hələ 70-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi işləyərkən orta ixtisas təhsili məktəblərində peşə ixtisası olmayan, təsadüfi, bəzən də natəmiz adamların müəllimlik etdiyindən narahatlığını bildirirdi. Rus dilində tədrisin aparıldığı ixtisaslarda müəllimlərin rus dilini zəif bilməsi, müəllimliyə namizədlik müsabiqələrinin formal keçirilməsi, illərlə attestasiyanın keçirilməməsi və s. bu kimi amillər Heydər Əliyevin müşahidə etdiyi, bildiyi və çəkinmədən ünvanına çatdırdığı nöqsanlar idi.

Azərbaycvanın dünya təhsil sisteminə inteqrasiyası, bu sahədə dünya təcrübəsindən məharətlə bəhrələnmə, yeniliklərə və müasirliyə alışmaq təhsilin uğuru idi. Ölkənin təhsil işində aparılan islahatlar yenidənqurmanın tələblərinə cavab verirdi. İxtisaslı kadrların artırılması, müasir tələblərə cavab verən tədris plan və proqramları tərtib edildi. Böyüməkdə olan gənc nəsil təhsil islahatları əsasında formalaşmağa başladı. Müasir infrastruktura malik uşaq bağçaları, məktəblər, liseylərin tikilməsi Heydər Əliyevin təhsilə qayğısının bariz nümunəsidir.

Könül Həsənova

Filologiya üzrə fəlsəfə doktoru

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Filologiya fakültəsinin dekan müavini