Heydər Əliyevin Azərbaycançılıq fəlsəfəsi və milli-mənəvi birlik məsələləri

Heydər Əliyevin Azərbaycançılıq fəlsəfəsi və milli-mənəvi birlik məsələləri

Bakı. TurkicWorld:

Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ideya-siyasi fəaliyyətinin amalını, məramını azərbaycançılıq məfkurəsi təşkil edir. O hər addımında, hər əməlində Azərbaycanı düşünür, nədən danışır danışsın, ona müstəqil Azərbaycanın mirası kimi yanaşırdı. Dünya azərbaycanlılarının I qurultayında ulu öndər öz qayəsini belə ifadə etmişdir: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

Azərbaycançılıq fəlsəfəsi ulu öndərin siyasi fəaliyyətini, milli dövlətçilik ideologiyasını, dil, ədəbiyyat, tarixi keçmiş, milli-mənəvi dəyərlər isə onun mənbələrini təşkil edir. Xüsusilə mənəviyyat, mənəvi tərbiyə, mənəvi paklıq, mənəvi yüksəliş məsələləri onun ideya-nəzəri irsində dönə-dönə vurğulanmışdır. Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində bu istiqamətdə məqsədyönlü iş aparmışdır. Hakimiyyətinin ikinci mərhələsində onun çıxışlarının, məruzə və nitqlərinin leytmotivini mənəviyyat problematikası təşkil edir.

Ölkəni acinacaqli vəziyyətdə görən rəhbər taleyüklü məsələlərin həllində üstünlüyü milli-mənəvi birliyə, milli həmrəyliyə, cəmiyyətin siysi quruluşunun sabitliyinə verirdi.

Gənclərin mənəvi tərbiyəsinin düzgün təşkil olunması və bu istiqamətdə işin gücləndirilməsi, cəmiyyətdə baş verən neqativ halların aradan qaldırılması yolları ilə bağlı Heydər Əliyevin söylədiyi qiymətli fikirlər xalqın, millətin, cəmiyyətin birliyində aparıcı yer tutur. Mənəvi birlik və mənəviyyat məsələsinə tarixi prizmadan yanaşan ulu öndər tarixi şəxsiyyətlərin, elm və mədəniyyət xadimlərinin fikirlərindən, ideyalarından istifadə etmiş, onlara söykənmiş, istifadə üsullarını göstərmişdir. O, dövlət başçısı və siyasi xadim kimi mənəvi birlik problemini ümumi şəkildə qoyurdu. Milli adət-ənənələri xüsusi qiymətləndirən ümummilli liderin fikrincə, milli adət-ənənələr insanları tərbiyələndirmək, mənəvi cəhətdən zənginləşdirməklə yanaşı, milli birliyə xidmət edir.

Heydər Əliyevin ideya-nəzəri irsində milli-mənəvi birlik siyasi, fəlsəfi, sosioloji aspektdən diqqəti cəlb edir. Milli şüur, milli özünüdərketmə, milli ləyaqət və qürur, tarixi birlik vəhdətdə götürülür. Bütün bunların hamısına ulu öndər azərbaycançılıq məfkurəsi prizmasından yanaşırdı. O bilirdi ki, milli-mənəvi birlik Azərbaycan xalqının sabaha, gələcəyə uğurla adddımlamağını, xalqın vahidliyini, millətin, cəmiyyətin dəyərlər sistemini formalaşdıran əsas amildir.

Heydər Əliyevin milli-mənəvi birliyə dair nəzəri irsindən bəhrələnmək hər birimiz üçün mənəvi tələbata çevrilsə, azərbaycançılıq ideologiyası və mənəviyyat daha da formalaşıb möhkəmlənər.

Könül Həsənova

filologiya üzrə fəlsəfə doktoru

Azərbaycvan Dövlət Pedaqoji Universiteti

Filologiya fakültəsinin dekan müavini