BAKI, TurkicWorld
"Fitch Solutions"un tərkibinə daxil olan BMI şirkəti, İranın "Ras Laffan" sənaye kompleksinə raket zərbələrindən sonra Qətərin mayeləşdirilmiş təbii qaz (MTQ) ixracı və ölkə iqtisadiyyatının artımı üzrə proqnozlarını əhəmiyyətli dərəcədə aşağı salıb.
TurkicWorld xəbər verir ki, BMI-nin məlumatına görə, hücumlar, o cümlədən 18 mart tarixində baş verən sonuncu zərbə - qazın mayeləşdirilməsi üzrə 14 xəttdən ikisinə ciddi ziyan vurub. Bu isə ildə təxminən 12–12,8 milyon ton istehsal gücünün itirilməsinə, yəni ölkənin MTQ ixrac potensialının təxminən 17%-nin azalmasına səbəb olub. Bundan əlavə, qazın maye karbohidrogenlərə çevrilməsi (GTL) üzrə Pearl kompleksində bir xətt də zərər görüb.
Nəticədə, Qətərin MTQ ixracının 2025-ci ildə 104 milyard kubmetrdən 2026-cı ildə 83 milyard kubmetrə qədər azalacağı gözlənilir. Halbuki əvvəlki proqnoz 101 milyard kubmetr idi ki, bu da 20%-dən çox azalma deməkdir.
Pozuntular martın 3-də baş verən daha əvvəlki hücumdan sonra yaranıb. Həmin vaxt "QatarEnergy" MTQ tədarükləri üzrə fors-major elan etmişdi. Son zədələrin güclərin dayanma müddətini uzadacağı gözlənilir: zədələnmiş mayeləşdirmə xətlərinin təmiri 3–5 il çəkə bilər, "Pearl GTL" kompleksi isə ən azı bir il müddətinə fəaliyyətini dayandıra bilər.
Məlumata görə, fors-major Çin, Cənubi Koreya, İtaliya və Belçika da daxil olmaqla əsas alıcılarla uzunmüddətli müqavilələrə şamil edilib.
MTQ ixracının kəskin azalmasına baxmayaraq, BMI təbii qaz hasilatında daha məhdud — təxminən 6,7% — azalma gözləyir. Belə ki, hasilat obyektləri zərər görməyib, boru kəməri ilə tədarüklər davam edir və daxili tələbatın təmin edilməsi vacibdir. Bundan əlavə, "North Field" yatağının genişləndirilməsi layihələrinin inkişaf etdirilməsi hasilatdakı azalmanı qismən kompensasiya edəcək.
Eyni zamanda, zərbələr Qətərin istehsal güclərini artırmaq üzrə uzunmüddətli planlarına daha geniş təsir göstərə bilər. Mayeləşdirmə, saxlama və infrastruktur proseslərinin sıx inteqrasiya olunduğu "Ras Laffan" kompleksindəki zədələr "North Field East (NFE)" layihəsi çərçivəsində yeni güclərin istismara verilməsini ləngidə bilər.
BMI artıq NFE layihəsinin tam effektiv gücə 2027-ci ildə deyil, 2028-ci ildə nail olacağını proqnozlaşdırır. Belə ki, podratçılar, avadanlıq və mühəndis resursları bərpa işlərinə fokuslanacaq. Bu, həmçinin sonrakı mərhələlərin, o cümlədən hazırda 2029-cu ilə planlaşdırılan "North Field South (NFS)" layihəsinin — vaxtına da təsir göstərə bilər.
Bununla paralel olaraq, BMI 2026-cı il üzrə Qətərin real ÜDM artımı proqnozunu böhrandan əvvəlki 5,2%-dən 2%-ə endirib və fasilələrin birbaşa və dolayı təsirinə işarə edib.
"Risklər hələ də mənfi istiqamətə yönəlib", - deyə BMI qeyd edir və xəbərdarlıq edir ki, uzunmüddətli eskalasiyalar iqtisadi aktivliyi daha da zəiflədə və ilin yekununda ölkəni resessiyaya sürükləyə bilər.
