Son dəqiqə

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (BEA) Avropa neft

Azərbaycan qazı 2026-cı ildə Avropa bazarında payını artıracaq - Beynəlxalq Enerji Agentliyi

BAKI,TurkicWorld

Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə 2026-cı ildə Azərbaycandan Avropa ölkələrinə qaz ixracı artacaq.

TurkicWorld bu barədə agentliyə istinadən məlumat verir.

BEA-nın son hesabatına əsasən, Norveçdən Avropanın qalan hissəsinə boru kəməri ilə nəql olunan qaz tədarüklərinin 2024-cü ilki göstəricilərə yaxın olacağı gözlənilir, digər yandan Şimali Afrika və Azərbaycandan idxalın mülayim artım göstərəcəyi proqnozlaşdırılır. Bu əlavə tədarüklər 2026-cı ilin iyul ayında Türkiyə ilə müqavilənin baş çatmasından sonra Rusiya və İrandan boru kəməri qazı idxalının azalmasını qismən kompensasiya edəcək.

2025-ci ildə Rusiya qazının Avropa İttifaqına boru kəməri ilə tədarükü Ukrayna vasitəsilə tranzitin dayandırılması səbəbindən 45% (təxminən 13 milyard kubmetr) azalmış, eyni zamanda ilin ilk 11 ayında Türkiyəyə ixrac illik ifadədə 2% artmışdır. Avropanın tələbində Rusiya boru qazının payı təxminən 8% təşkil edib. Şimali Afrikadan tədarük 4% azalıb, Azərbaycandan Avropa İttifaqına ixrac isə 2% aşağı düşmüşdür.

BEA proqnozlaşdırır ki, 2026-cı ildə Avropada mayeləşdirilmiş təbii qaz (MTQ) idxalı artmaqda davam edəcək və hətta rekord səviyyə olan 185 milyard kubmetri də ötə bilər. Bu, əsasən anbarların doldurulmasına olan tələbin artması və Ukraynaya boru kəməri ilə qaz tədarüklərinin artması ilə əlaqədardır.

"Azərbaycanın əmtəəlik qaz istehsalı 2025-ci ilin ilk 11 ayında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1% (0,5 milyard kubmetr) artıb. Bu artım qismən Türkiyəyə tədarükün 4% (0,4 milyard kubmetr) yüksəlməsi hesabına təmin olunub", - deyə BEA bildirir.

Ümumilikdə, Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkə 51,5 milyard kubmetr təbii qaz istehsal edib. Bunun 14,1 milyard kubmetri "Azəri-Çıraq-Günəşli" yataqları blokunda, 27,9 milyard kubmetri "Şah Dəniz" yatağında, 1,6 milyard kubmetri "Abşeron" yatağında, 7,9 milyard kubmetri isə SOCAR-ın güclərində hasil olunub. Ötən il qaz ixracı 25,2 milyard kubmetr olub, o cümlədən 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə (bunlardan 5,6 milyard kubmetr TANAP vasitəsilə), 2,3 milyard kubmetr Gürcüstana və 0,5 milyard kubmetr Suriyaya ixrac edilib.

Mövzuya görə xəbərlər