Konqo Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR ilə möhkəm tərəfdaşlığı inkişaf etdirmək istəyir - XİN rəhbəri

Konqo Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR ilə möhkəm tərəfdaşlığı inkişaf etdirmək istəyir - XİN rəhbəri

Bakı. TurkicWorld:

Konqo Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR ilə möhkəm tərəfdaşlığı inkişaf etdirmək istəyir.

TurkicWorld xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Konqo Respublikasının xarici işlər naziri Jan-Klod Qakosso Trend-ə özəl müsahibəsində deyib.

"Konqo böyük olmasa da, Afrikanın köhnə neft istehsalçılarından biridir. Ərazimizdə dəniz neft yataqlarında "TotalEnegies", "Eni", "Chevron" və "Halliburton" kimi iri şirkətlər ərazimizdəki dəniz neft yataqlarını istismar edir. Biz Azərbaycanın dövlət neft şirkəti "SOCAR" ilə Konqo Milli Neft Şirkəti (Société Nationale des Pétroles de Congo - SNPC) arasında ticarəti genişləndirməyə çalışırıq. İndiki mərhələdə mən Azərbaycanla əməkdaşlığı qiymətləndirməkdən çəkinirəm, çünki biz tərəfdaşlığın yaradılmasının ilkin mərhələsindəyik"

Qakossonun sözlərinə görə, Konqonun niyyəti bu əməkdaşlığa müvafiq milli neft şirkətləri "SNPC" və "SOCAR" arasında güclü tərəfdaşlıq vasitəsilə başlamaqdır.

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə məhsuldar görüş zamanı mehriban fikir mübadiləsi apardıq. Siyasətçilər olaraq - biz razılaşdıq ki, bu cür səylər güclü diplomatik münasibətlərlə dəstəklənməlidir", - deyə o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl SOCAR-ın prezidenti Rövşən Nəcəf və Konqo prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi Fransua Joli Afrika dövlətinin neft və neft məhsullarının ticarət imkanlarını müzakirə ediblər.

Martın 5-də Bakıda keçirilən görüşdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji layihələri, SOCAR-ın müxtəlif ölkələrdə fəaliyyəti, eləcə də digər şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilən layihələr barədə məlumat təqdim olunub.

Tərəflər neft-qaz sahəsində müxtəlif istiqamətlər, o cümlədən neft və neft məhsullarının ticarəti üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Həmçinin insan kapitalının inkişafı və qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.