Dünya Bankı Azərbaycanda 2023-2025-ci illərdə ÜDM artımına dair proqnozu açıqlayıb

Dünya Bankı Azərbaycanda 2023-2025-ci illərdə ÜDM artımına dair proqnozu açıqlayıb

Bakı. TurkicWorld:

2023-cü ildə Azərbaycanda ÜDM artımı 2,2 faiz səviyyəsində proqnozlaşdırılır.

TurkicWorld cümə axşamı Dünya Bankının (DB) "Europe and Central Asia Economic Update, Spring 2023: Weak Growth, High Inflation, and a Cost-of-Living Crisis" adlı hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 2,5 faiz, 2025-ci ildə isə 2,6 faiz təşkil edəcək.

Beləliklə, DB Azərbaycanda 2023-2025-ci illərdə ÜDM artımının orta illik sürətinin 2,4 faiz səviyyəsində olacağını proqnozlaşdırır.

"Ortamüddətli perspektivdə Azərbaycanda artım çox güman ki, bu yaxınlarda Avropa İttifaqı ilə bağlanmış bir sıra enerji sövdələşmələrinin fonunda investisiyaların artması, habelə, Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının reallaşdırılmasına çəkilən dövlət xərclərinin artması ilə dəstəklənəcək", - hesabatda qeyd olunur.

DB-nin qiymətləndirmələrinə görə, 2023-2025-ci illərdə Azərbaycanın aqrosənaye kompleksində orta illik artım 3 faizdən çox, sənaye istehsalında təqribən 1 faiz, xidmət sferasında isə 4,6 faiz olacaq.

Qeyd edək ki, Azərbaycan hökuməti 2023-cü ildə ÜDM-in 2,7 faiz, 2024-cü ildə 4,1 faiz, 2025-ci ildə isə 3,7 faiz artacağını proqnozlaşdırır.