Son dəqiqə

Teymur Musayev

Böyük Qafqazın Azərbaycan hissəsində buzlaqların sahəsi 9 faiz azalıb - Teymur Musayev

Bakı,TurkicWorld

Böyük Qafqazın Azərbaycan hissəsində buzlaqların sahəsi 9 faiz azalıb.

Bu barədə "Buzlaqlarla əlaqədar uyğunlaşma, azaltma, itki və zərər, onların monitorinqinin maliyyələşdirilməsi" mövzusunda keçirilən Yüksək Səviyyəli Tədbirdə çıxış edən Azərbaycan Baş nazirinin müavini Teymur Musayev deyib.

O qeyd edib ki, buzlaqların sürətlə əriməsi milyardlarla insanın su təhlükəsizliyini birbaşa təhdid edir.

Teymur Musayev çıxışında elmi müşahidələrə və rəqəmlərə də geniş yer verib. O qeyd edib ki, Qafqaz dağları ölkəmiz üçün həyati əhəmiyyət daşıyan su qüllələridir.

"Qusarçay hövzəsində buzlaqlarla bağlı ilk rəsmi məlumatlar hələ 1890-cı ilə aiddir və son illər aparılan sahə müşahidələri ərimə prosesinin əhəmiyyətli dərəcədə sürətləndiyini göstərir. "Azərkosmos"un peyk müşahidələrinin nəticələrinə əsasən, 2017–2025-ci illər ərzində Böyük Qafqazın Azərbaycan hissəsində buzlaqların sahəsi 9 faiz azalıb. Bundan əlavə, Qusarçay hövzəsində son 19 ildə aparılan ardıcıl tədqiqatlar qar örtüyünün su ehtiyatlarındakı payının azalma tendensiyasını üzə çıxarıb ki, bu da iqlim dəyişikliyinin yaratdığı fəsadları əyani şəkildə nümayiş etdirir",- deyə o əlavə edib.

Baş nazirin müavini bildirib ki, əsrlər boyu dağ icmaları təbiətlə tarazlıqda yaşayaraq aşağı axınlarda yaşayan milyardlarla insanı su mənbələri ilə təmin edib, lakin bu gün həmin tarazlıq pozulur.

"Permafrostun əriməsi, torpaq sürüşmələri və dağıdıcı daşqınlar daha tez-tez baş verir. Azərbaycan məhz bu reallığı nəzərə alaraq, COP29 Sədrliyi dövründə dağlıq regionların üzləşdiyi problemləri əsas prioritetlərdən birinə çevirib. Bakıda keçirilən Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində Qırğızıstan və Monqolustanla birlikdə dağ gündəliyinin irəli sürülməsi istiqamətində mühüm addımlar atılıb, UNFCCC çərçivəsində dağ ekosistemlərinin qorunması məsələsi qlobal müzakirə müstəvisinə çıxarılıb", - deyə o bildirib.

Azərbaycanın COP29 çərçivəsində həyata keçirdiyi təşəbbüslərə toxunan Baş nazirin müavini 70-dən çox ölkənin və təqribən 100 maraqlı tərəfin dəstəyi ilə qəbul edilən "İqlim Fəaliyyəti üçün Su üzrə COP29 Bəyannaməsi"nin və "Su üzrə Bakı Dialoqu"nun əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, bu platformalar dağ ekosistemlərinin və buzlaqların qorunması istiqamətində davamlı və əlaqələndirilmiş addımların atılmasına şərait yaradır.

Sonda Teymur Musayev yalnız elmi biliklərin və monitorinqlərin kifayət etmədiyini, bu proseslərin adekvat və uzunmüddətli iqlim maliyyələşməsi ilə dəstəklənməli olduğunu diqqətə çatdırıb. Bakı Maliyyə Məqsədinin icrasının, erkən xəbərdarlıq sistemlərinin və peyk texnologiyalarının tətbiqinin vacibliyini vurğulayan Baş nazirin müavini beynəlxalq birliyi dağ ekosistemlərinin qorunması və gələcək nəsillər üçün ekoloji dayanıqlığın təmin edilməsi naminə sıx əməkdaşlığa çağırıb.

Mövzuya görə xəbərlər