Bakı. TurkicWorld:
Çinin "Orient Cable NBO UK" şirkəti "Xəzər-Qara dəniz Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi çərçivəsində elektrik enerjisinin ötürülməsi üçün infrastrukturun qurulması və texnoloji həllərin təqdim edilməsində maraqlıdır.
Bunu şirkətin idarəedici direktoru Lai Vey (Lai Wei) Energetika Nazirliyinin sosial şəbəkə hesablarında yayımlanan videoda "Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru" forumu ilə bağlı fikirlərini bölüşərkən bildirib.
O qeyd edib ki, şirkət həm infrastrukturun inkişafına, həm də layihə çərçivəsində tətbiq oluna biləcək texniki və texnoloji həllərə xüsusi maraq göstərir.
"Şirkətimiz baxımından həm infrastrukturun inkişafı, həm də texniki və texnoloji həllər maraq doğurur. "Orient Cable" şirkəti sualtı və yerüstü kabel sistemləri üzrə kompleks həllər təqdim edir. Buna görə də, ilk növbədə, bu uzunməsafəli elektrik enerjisinin ötürülməsi layihəsi çərçivəsində ötürücü infrastrukturun qurulması və inkişafı bizim üçün xüsusi maraq kəsb edir", - Lai Vey bildirib.
Şirkət rəhbərinin sözlərinə görə, layihənin ciddi texniki çətinlikləri nəzərə alınaraq, onların aradan qaldırılması üçün müvafiq texnoloji həllərin təqdim edilməsi də şirkətin maraq dairəsindədir.
"Xüsusilə, iki ölkə arasında böyük dərinliklərdə sualtı kabellər vasitəsilə elektrik enerjisinin ötürülməsi üçün texnoloji həllərin təmin edilməsini nəzərdə tuturam. Əslində isə bizim üçün söhbət iki ölkədən daha çox iki qitənin – Asiya və Avropanın birləşdirilməsindən gedir. Bu da layihəni bizim üçün daha da cəlbedici edir", - o vurğulayıb.
Qeyd edək ki, "Orient Cable" (Ningbo Orient Wires & Cables Co., Ltd.) 1998-ci ildə Çinin Zhejiang əyalətinin Ningbo şəhərində yaradılıb. Şirkət sualtı və yerüstü kabel sistemlərinin tədqiqi, layihələndirilməsi, istehsalı, quraşdırılması və texniki xidməti üzrə ixtisaslaşıb. Onun məhsul və xidmətlərindən elektrik enerjisinin ötürülməsi, dəniz külək enerjisi, neft-qaz və telekommunikasiya layihələrində istifadə olunur.
Şirkətin məlumatına görə, indiyədək 15 min kilometrdən çox sualtı kabel təchiz edilib. Şirkətin səhmləri 2014-cü ildən Şanxay Fond Birjasında ticarət olunur. 2025-ci ilin sonuna onun ümumi aktivləri 15,54 milyard yuan (təxminən 2,2 milyard ABŞ dolları) təşkil edib.
Xatırladaq ki, Xəzər dənizi ilə Avropanı birləşdirəcək "Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə yekun investisiya qərarının 2029-cu ildə qəbul edilməsi hədəflənir.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında bildirib ki, Bakıda keçirilən forumda layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələri ilk dəfə beynəlxalq investorlar, maliyyə institutları və biznes tərəfdaşları ilə müzakirə olunub.
Nazirin sözlərinə görə, məqsəd 4 GVt ötürmə gücünə malik strateji layihəni dayanıqlı biznes modeli, etibarlı maliyyələşdirmə mexanizmləri və güclü tərəfdaşlıqlar əsasında 2029-cu ildə yekun investisiya qərarı mərhələsinə çatdırmaqdır.
P.Şahbazov qeyd edib ki, Xəzərin bərpaolunan enerji potensialını Avropa bazarları ilə birləşdirəcək dəhliz enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və regional enerji inteqrasiyasının genişləndirilməsi üçün yeni imkanlar yaradacaq.







