BAKI,TurkicWorld
Qazaxıstan neft ixracının şaxələndirilməsi istiqamətində alternativ marşrutların imkanlarını qiymətləndirir. Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) fəaliyyətində müşahidə olunan qeyri-sabitlik fonunda Bakı–Tbilisi–Ceyhan (BTC), Bakı–Supsa boru kəmərləri, eləcə də Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən tranzit əlavə ixrac istiqamətləri kimi nəzərdən keçirilir.
Bu barədə "İnterfaks-Qazaxıstan" agentliyinə ölkənin Energetika Nazirliyindən məlumat verilib.
Qazaxıstanın "KazMunayQaz" milli neft-qaz şirkəti 2026-cı ildə BTC vasitəsilə neft ixracının həcmini ötən illə müqayisədə 31 faiz artıraraq 1,7 milyon tona çatdırmağı planlaşdırır.
2026-cı ilin yanvar–iyun aylarında isə Aktau limanı vasitəsilə BTC istiqamətində 704 min ton Qazaxıstan nefti nəql olunub.
Qeyd edək ki, Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin ümumi uzunluğu 1 768 kilometrdir. Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondan çox neft təşkil edir.