BAKI,TurkicWorld
İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu təşkil olunub.
TurkicWorld xəbər verir ki, tədbirdə dayanıqlı inkişafın maliyyələşdirilməsi və bu sahədə yeni mexanizmlər müzakirə edilib.
Dialoq çərçivəsində İslam maliyyəsi, rəqəmsal maliyyə, ticarət maliyyəsi və investisiya alətlərinin Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasındakı rolu diqqət mərkəzində olub.
Həmçinin özəl kapitalın səfərbər edilməsi, regional investisiya axınlarının genişləndirilməsi və sərhədlərarası əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
Tədbirin açılışında iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov innovativ maliyyə alətlərinin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
O, Azərbaycanın dayanıqlı maliyyə və yaşıl investisiyalar sahəsində həyata keçirdiyi təşəbbüslərdən danışıb.
BMT-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Nasar Hayat, Qvineya Respublikasının nazirı İsmael Nabe və Milli Məclisin deputatı Məzahir Əfəndiyev də çıxış ediblər.
Çıxışlarda dayanıqlı inkişaf məqsədlərinin maliyyələşdirilməsi üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub.
Müzakirələrdə borc dayanıqlılığı, daxili resursların səfərbər olunması və kapital bazarlarının inkişafı məsələləri də ön plana çıxarılıb.
Tədbir çərçivəsində yaşıl maliyyə, innovativ investisiya modelləri və İslam maliyyə alətlərinin tətbiqi üzrə yeni əməkdaşlıq imkanları araşdırılıb.







