Azərbaycan Anar Kərimov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Maliyyə nazirliyi

AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib

BAKI,TurkicWorld

Fevralın 25-də Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Natali Mouravidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Görüşdə imzalanması nəzərdə tutulan layihələr üzrə işlərin gedişi, eləcə də su və şəhər infrastrukturu sahələrində prioritet istiqamətlər müzakirə edilib.

A.Kərimov bildirib ki, özəl sektorun dəstəklənməsi, şəhər infrastrukturunun gücləndirilməsi, ətraf mühitin davamlılığının təmin edilməsi və kommunal xidmətlərin keyfiyyətinin artırılması istiqamətində AYİB Azərbaycanın əsas tərəfdaşlardan biridir. Qeyd olunub ki, icra edilən layihələr strateji əhəmiyyət daşıyır və onlar mərhələli şəkildə, fiskal dayanıqlılıq və effektiv maliyyələşmə prinsipləri nəzərə alınmaqla həyata keçirilməlidir.

Maliyyə nazirinin birinci müavini əlavə edib ki, Gəncə və Şəki şəhərlərində həyata keçirilən layihələr yalnız şəhər infrastrukturunun modernləşdirilməsi və əhalinin keyfiyyətli su təminatını təmin etmək baxımından deyil, həm də şəhərlərdə ekoloji standartların yüksəldilməsi, kommunal xidmətlərin səmərəliliyinin artırılması baxımından böyük əhəmiyyət daşıyır.

Öz növbəsində, N.Mouravidze Azərbaycanla uzunmüddətli əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, Bank üçün əsas prioritetlərdən birinin su və şəhər infrastrukturu sahələrində layihələrin icrasının sürətləndirilməsi, eləcə də növbəti mərhələlər üzrə maliyyələşmənin səmərəli və məqsədyönlü çərçivədə strukturlaşdırılması olduğunu bildirib. O, eyni zamanda yaşıl keçid, iqlim maliyyələşməsi və texniki dəstək mexanizmlərinin genişləndirilməsi istiqamətlərində əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüş zamanı, həmçinin Bakı–Abşeron regionu üzrə nəzərdə tutulan genişmiqyaslı su infrastruktur proqramı, onun maliyyələşmə mexanizmləri, eləcə də tərəflər üçün qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər