BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-noyabr aylarında yeyinti məhsulları üzrə ixrac 19,4% artaraq 1,1 milyard ABŞ dollarına bərabər olub.
TurkicWorld bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın dekabr sayına istinadən xəbər verir.
Cari ilin on bir ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 19,6 milyon ABŞ dolları və ya 52,4%, meyvə-tərəvəz 179,6 milyon ABŞ dolları və ya 28,6%, alüminium və onlardan hazırlanan məmulatlar 30,6 milyon ABŞ dolları və ya 16,8%, kimya sənayesi məhsulları 36,9 milyon ABŞ dolları və ya 13,9%, pambıq iplik 3,6 milyon ABŞ dolları və ya 13,3%, çay 177,6 min ABŞ dolları və ya 3%, bitki və heyvan mənşəli piylər və yağlar 500,2 min ABŞ dolları və ya 2% artıb.
2025-ci ilin yanvar-noyabr aylarında aqrar məhsullar üzrə ixrac 27,1% artaraq 892,1 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 0,3% artaraq 288,2 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,4% artaraq 1.2 milyard ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (297,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (175,4 milyon ABŞ dolları) ikinci, karbamid (163,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin noyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma (40,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı (26,2 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (23 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin on bir ayında Rusiya Federasiyasına 1,1 milyard ABŞ dolları, Türkiyəyə 546,1 milyon ABŞ dolları, İsveçrəyə 315,3 milyon ABŞ dolları, Gürcüstana 306,1 milyon ABŞ dolları, Ukraynaya isə 190,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2025-ci ilin noyabr ayında Rusiya Federasiyasına 109,7 milyon ABŞ dolları, Türkiyəyə 59,8 milyon ABŞ dolları, Gürcüstana 32,6 milyon ABŞ dolları, İsveçrəyə 26,9 milyon ABŞ dolları, Ukraynaya isə 18,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2025-ci ilin yanvar-noyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti, "STP Alüminium" MMC,"TABATERRA"QSC, "UYTROP" Məhdud Məsuliyyətli Cəmiyyəti, "KHAN-EL" MMC ,"P-AQRO" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: "SOCAR Polymer" MMC, "AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi,"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Socar-Dalğıc" MMC, "İstisu" mineral su zavodu MMC, "Azərbaycan Dəmir yolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti.
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 16,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin noyabr ayında isə "Azərkosmos" dünyanın 35 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 4.2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,2 milyon ABŞ dolları ilə Lüksemburq, 1,1 milyon ABŞ dolları ilə İsveç, 772 min ABŞ dolları ilə Türkiyə, 759,8 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.






