Bakı, TurkicWorld
Su ilə bağlı məsələlərin həlli üçün BMT-nin müxtəlif strukturları və onun tərkibinə daxil olan konvensiyalar arasında əməkdaşlıq gücləndirilməlidir.
TurkicWorld xəbər verir ki, bu barədə Böyük Britaniya Birləşmiş Krallığının və Şimali İrlandiya Xarici İşlər Nazirliyinin təbiət məsələləri üzrə xüsusi nümayəndəsi Rut Devis COP29 çərçivəsində "İqlim üçün su: NDCs və NAPs-da su həllərinin inteqrasiyası - biomüxtəliflik, su ehtiyatları və iqlimin qarşılıqlı əlaqəsi" mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada bildirib.
"Uzun illər iqlim, təbiətin mühafizəsi və ərzaq təhlükəsizliyi sahələrində çalışanlar üçün bu məsələlərin su vasitəsilə qarşılıqlı əlaqəsi aydın və təbiidir. Su bu sahələrin dayanıqlığını dəstəkləməklə yanaşı, yaranan problemlərin göstəricisi rolunu oynayır.
Aydındır ki, su dünya ekosistemlərinin rifahını təmin etməkdə əsas rol oynayır. Tropik meşələrin sağlamlığı ilə bağlı bir nümunə gətirərək onun əhəmiyyətini göstərmək istəyirəm. Bu mövzu BMT-nin İqlim Dəyişikliyi üzrə Konvensiyasının müzakirələrinin mərkəzində dayanır. Tropik meşələrin sağlamlığı birbaşa suya bağlıdır, eyni zamanda meşələr də su dövranının vacib bir hissəsidir. Onlar yağıntıları tənzimləyir və milyonlarla insanı qidalandıran tropik kənd təsərrüfatı hövzələrini təmin edir. Beləliklə, sağlam su ekosistemləri dəstəkləyir, sağlam ekosistemlər isə su dövranının davamlılığını təmin edir. Bu məqsədə nail olmaq üçün BMT-nin müxtəlif strukturları və onun konvensiyaları arasında daha sıx əlaqə qurmaq lazımdır", – deyə R.Devis vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.