Bakı, TurkicWorld
2024-cü ilin oktyabr ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 35 milyon 504 min 351 nəfər olub.
Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq, 5 milyon 580 min 160 nəfər, beynəlxalq reyslər üzrə isə 7 faiz artaraq 29 milyon 924 min 191 nəfər təşkil edib.
2024-cü ilin oktyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 433 min 570 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 53 min 560 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 4 faiz artaraq, 380 min 10 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin oktyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 5 faiz artaraq, 205 min 999 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 6 faiz artaraq ,33 min 449, beynəlxalq reyslər üzrə isə 5 faiz artaraq 172 min 550 olub.
Bu ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 177 milyon 135 min 729 nəfər, yük daşınması isə 3 milyon 712 min 255 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.