Bakı, TurkicWorld
Bakı COP29-a yüksək hazırlıq səviyyəsi nümayiş etdirir.
TurkicWorld xəbər verir ki, bu barədə Fransanın "La Gazette du Caucase" internet-nəşrinin 11- 22 noyabr tarixlərində Bakı şəhərində baş tutacaq BMT-nin COP29 iqlim sammitinə hazırlıq üzrə dərc etdiyi məqalədə deyilir.
"COP29 11- 22 noyabr tarixlərində Bakı şəhərində baş tutacaq. Tədbirin keçiriləcəyi Bakı Olimpiya Stadionunda tikinti və quraşdırma işləri, demək olar ki, başa çatıb və obyektin vaxtında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) təhvil verilməsi planlaşdırılır. Sammitin ilk günlərində keçiriləcək dünya liderlərinin görüşü də plan üzrə təşkil ediləcək", - məqalədə deyilir,
Müəlliflər xatırladıblar ki, 2023-cü il dekabrın 11-də COP28 plenar iclasında Azərbaycanın digər Şərqi Avropa ölkələrinin dəstəyi ilə COP29-a ev sahibliyi etməsi qərara alınıb.
Azərbaycanın 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi məqalədə xüsusi vurğulanır. Konfransda dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli dövlət və hökumət rəsmilərinin də daxil olduğu minlərlə qonağın Bakıya gəlməsi gözlənilir.
COP29-un sədrliyi iki əsas prinsipə - iddiaların artırılması və fəaliyyətin təşviqinə əsaslanır. Birinci prinsip milli planların iddialılığını və şəffaflığı vurğulayır, ikinci isə maliyyələşmənin əhəmiyyətini, emissiyaların azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma və itkilərin azaldılması üçün konkret tədbirlərin həyata keçirilməsini önə çəkir.
Məqalədə qeyd edilib ki, bu məqsədləri dəstəkləmək üçün Azərbaycan 1 milyard dollar həcmində İqlim Maliyyələşdirməsi üzrə Fəaliyyət Fondu yaratdığını elan edib. Fond qalıq yanacaq istehsal edən ölkələrin və şirkətlərin töhfələri hesabına formalaşacaq, Azərbaycan isə təsisçilərdən biri olacaq. Fondun yarısının inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrinə, təmiz enerji texnologiyalarının tətbiqinə və iqlim dəyişikliyinə qarşı həssas qruplara daxil olan əhali üçün dayanıqlığın artırılmasına sərf edilməsi planlaşdırılır.
"La Gazette du Caucase"də qeyd olunub ki, sədrlik COP29-da "COP Truce" - qlobal sülhün, dialoqun və barışığın təşviqinə yönəlmiş barışıq çağırışı təşəbbüsü ilə də çıxış edib.
"Bakı 2015-ci il Paris Sazişi üzrə istixana qazı tullantılarının 2030-ci ilə qədər 35%, 2050-ci ilə qədər isə 40% azaldılmasına yönəlmiş öhdəliklərini təsdiqləyib. 2016-cı ilin aprelində Paris sazişini imzalayan Azərbaycan İqlim Dəyişikliyi sahəsində onun qanuni məcburi çərçivəsinə əməl etməyi öhdəsinə götürüb", - məqalənin yekununda deyilib.