Son dəqiqə

Səudiyyə Ərəbistanı COP29

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji sahəsinə investisiya imkanlarının araşdırılması ilə bağlı komissiyalar səviyyəsində iş aparır - Səfir

Bakı, TurkicWorld

Azərbaycanın enerji sahəsinə investisiya qoyacaq Səudiyyə Ərəbistanı şirkətləri ilə danışıqlar aparılır.

Bunu TurkicWorld -ə özəl müsahibəsində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh Əl-Cüteyli deyib.

"Azərbaycanın istər neft-qaz, istərsə də alternativ enerji sahəsinə investisiya qoymaq imkanlarının araşdırılması ilə bağlı komissiyalar səviyyəsində iş gedir. Bu yaxınlarda Azərbaycanın energetika və iqtisadiyyat nazirləri ilə Səudiyyə Ərəbistanının energetika nazirləri arasında üçtərəfli videogörüş keçirildi və əməkdaşlıq məsələləri müzakirə olundu. Bu görüşdə Azərbaycanın energetika sektoruna daha çox investisiyaların qoyulması imkanları ilə bağlı fikir mübadiləsi aparıldı", - səfir deyib.

Əl-Cüteyli, həmçinin, alternativ enerji sahəsində əlaqələrin genişləndirilməsi perspektivlərindən danışıb.

"Səudiyyə Ərəbistanının Azərbaycanda fəaliyyət göstərən ACWA Power şirkəti bizim ölkəmizdə alternativ enerji sahəsində məşhur şirkətlərdəndir. ACWA Power şirkəti enerjinin saxlanması, onun akkumulyasiyası ilə də məşğuldur. İki ay öncə həmin şirkət və Azərbaycanın Energetika Nazirliyi arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı sənəd imzalandı. Alternativ enerji sahəsində fəaliyyət göstərən qabaqcıl şirkət kimi ACWA Power-in Azərbaycanda biznesini daha da genişləndirməyə çalışacağıq. ACWA Power çox məsuliyyətli və üzərinə götürdüyü bütün öhdəlikləri lazımi qaydada yerinə yetirən bir şirkətdir", - diplomat qeyd edib.

COP29 çərçivəsində əməkdaşlıq

Əl-Cüteyli qeyd edib ki, iki ölkənin işçi qrupları arasında COP29 çərçivəsində təcrübə mübadiləsi həyata keçirilir.

"İki ay öncə Səudiyyə Ərəbistanının energetika naziri, ondan əvvəl isə 45 nəfərdən ibarət işçi qrupu Azərbaycana səfər etdi. Onlar Azərbaycanda həm Energetika Nazirliyində, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüşlər keçirdilər və müxtəlif sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsini müzakirə etdilər. Həmin işçi qrupu azərbaycanlı həmkarları ilə ünsiyyəti davam etdirir və Səudiyyə Ərəbistanının COP29-a hansı töhfələr verə biləcəyini müzakirə edir. Səudiyyə Ərəbistanının energetika naziri ilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev arasında da müzakirələr davam edir və işçi qrupları arasında təcrübə mübadiləsi həyata keçirilir", - səfir bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycandan və Səudiyyə Ərəbistanından olan işçi qrupları arasında görüşlər onlayn formatda davam edir.

"Zərurət yarandığı halda işçi qrupu Azərbaycana yenidən səfər edəcək. COP29-un keçirilməsi ilə bağlı Azərbaycana uğurlar diləyirəm. Azərbaycanda belə yüksək səviyyəli böyük beynəlxalq tədbirin keçirilməsi onun gücünün, imkanlanlarının daha bir nümayişi olacaq", - o əlavə edib.

Yeni investisiya imkanları

Səfir bildirib ki, Səudiyyə Ərəbistanının SALIC şirkəti Qarabağda və bütövlükdə Azərbaycanda yeni investisiya imkanlarını araşdırır.

"İnvestisiya imkanlarının araşdırılmasını biz investorların və biznesmenlərin öhdəsinə buraxmağa çalışırıq. Sentyabr ayında Səudiyyə Ərəbistanından Azərbaycana investorlardan ibarət nümayəndə heyətinin səfəri olacaq. Onların burada görüşləri KOBİA-nın nəzarəti altında həyata keçiriləcək. Azərbaycanın Qarabağ bölgəsində kənd təsərrüfatının inkişafı üçün böyük potensial mövcuddur. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi bizə Azərbaycandakı kənd təsərrüfatı zonaları və investisiyaların yatırılması üçün məqsədəuyğun olan sahələrlə bağlı sənəd təqdim edib. Onların Azərbaycanda hansı güzəştlərdən faydalana biləcəkləri ilə bağlı məlumat verilib", - Əl-Cüteyli bildirib.

Ticarət

Əl-Cüteyli qeyd edib ki, 23-27 sentyabrda Səudiyyə Ərəbistanından Azərbaycana ticarət və biznes sahəsini təmsil edən nümayəndə heyəti səfər edəcək.

"Onlar Azərbaycanda biznes təmsilçiləri və investorlarla görüşlər keçirərək, birgə əməkdaşlıq imkanlarına nəzər salacaqlar. Həmçinin, iki ölkə arasında müştərək hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən sədri Maliyyə Nazirliyi ilə də bu ilin sonuna qədər komissiyanın iclasının keçirilməsi ilə bağlı danışıqlar aparılır. Bu komissiyaya həm dövlət, həm də özəl sektorun nümayəndələri daxildir. İclasın Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılır", - o əlavə edib.

Diplomat qeyd edib ki, Səudiyyə Ərəbistanı və Azərbaycan arasında ticarət dövriyyəsi iki ölkənin potensialını tam əks etdirmir.

"Hazırda qarşılıqlı ticarətin həcminin artırılması və yeni investisiya sahələrinin müəyyən edilməsi istiqamətində işləyirik. Biz kiçik və orta biznes sahəsində əlaqələrin genişləndirilməsinə çalışırıq və bu sahədə əməkdaşlığa görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) təşəkkür edirəm", - o əlavə edib.

Turizm

Diplomat bildirib ki, Səudiyyə Ərəbistanının turizm idarəsi, Azərbaycanın İqtisadiyyat Nazirliyi və Dövlət Turizm Agentliyi Bakıda EXPO Mərkəzində turizm sərgisi təşkil etmək üzərində işləyir.

"Tədbirin dəqiq vaxtı hələlik təyin edilməyib. Sərgidə Səudiyyə Ərəbistanının turizm potensialı da nümayiş olunacaq və iki ölkənin turizm şirkətləri arasında körpü qurulacaq", - o əlavə edib.

Əl-Cüteyli qeyd edib ki, ölkələr arasında birbaşa hava nəqliyyatı mövcuddur və yay mövsümündə Azərbaycan Hava Yolları (AZAL), Səudiyyə Ərəbistanının Flynas və Flyadeal şirkətləri tərəfindən hər gün üç reys həyata keçirilir.

"Hava nəqliyyatı ilə hər iki istiqamətdə reyslərin sayının çox olması ilə əlaqədar müxtəlif yeni şirkətlər də bu prosesə qoşulub. Səudiyyə Ərəbistanı vətəndaşı öz ölkəsində istər onlayn qaydada, istərsə də Azərbaycana gələrək, hava limanından Azərbaycan vizası əldə edə bilər. Azərbaycan vətəndaşları da Səudiyyə Ərəbistanına getmək üçün onlayn viza ala bilərlər. Əgər Azərbaycan vətəndaşları Böyük Britaniya, Şengen və ya ABŞ vizasına malikdirlərsə, Səudiyyə Ərəbistanı vizasını hava limanında da əldə edə bilərlər", - səfir əlavə edib.

Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, bu il də Azərbaycana Səudiyyə Ərəbistanından gələn turistlərin sayı çoxdur.

"Bu, Azərbaycanın turizm potensialının geniş olmasından və turizm bölgələrinin çox olmasından irəli gəlir. Azərbaycan xalqının mehriban münasibəti və qonaqpərvərliyi də Səudiyyə Ərəbistanından olan turistləri cəlb edir. Azərbaycanın Dövlət Turizm Agentliyi Səudiyyə Ərəbistanı səfirliyi ilə çox sıx əməkdaşlıq edir, səfirliyin qeydlərini nəzərə alır və bəzi problemlər aradan qaldırılır", - səfir bildirib.

Daha sonra diplomat qeyd edib ki, son illərdə Səudiyyə Ərəbistanı turizm potensialını çox gücləndirib.

"Hazırda Səudiyyə Ərəbistanına gələn turistlərin sayı illik 100 milyondan artıqdır. 2030-cu ilə qədər ildə 150 milyon turist qəbul etməyi planlaşdırırıq. Bu, çox yüksək göstəricidir. Bütün bunlar turizm infrastrukturunun (mehmanxanalar, hava limanları, xidmət sahəsi) gücləndirilməsini tələb edir. Səudiyyə Ərəbistanında turizm potensialının artırılması üçün bir çox layihələr həyata keçirilir. Qırmızı Dəniz bölgəsində və Əl-Ula şəhərində turizmin inkişafı ilə bağlı işlər görülür. Səudiyyə Ərəbistanının ərazisi çox genişdir və müxtəlif relyefə malikdir. Buraya dağlar, səhralar, dənizsahili bölgələr daxildir. Bizim ölkəmizdə hətta daimi qar yağan regionlar var", - o əlavə edib.

Həcc və Ümrə

Əl-Cüteyli vurğulayıb ki, Həcc və Ümrənin təşkili Səudiyyə Ərəbistanı üçün hər zaman prioritetdir.

"Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə ilk dəfə olaraq Azərbaycana səfər edib. Bu səfər əsnasında azərbaycanlı zəvvarların öz ikinci vətənləri olan Səudiyyə Ərəbistanına səfər məsələsi müzakirə olundu. Səudiyyə Ərəbistanı iki müqəddəs məscidin olduğu Məkkə və Mədinədə həcc və ümrə ziyarətlərinin təşkilinə böyük önəm verir, dünyanın müxtəlif ölkələrindən gələn müsəlmanları yüksək səviyyədə qarşılayır və onlara bərabər münasibət göstərir. Maddi və insani resuslardan istifadə edərək, Səudiyyə Ərəbistanı zəvvarlar üçün hər cür şərait yaradır. Həcc və ümrəni təşkil etmək Allah tərəfindən bizə əta olunan bir nemətdir. Bu şərəfli missiyanın öhdəsindən gəlmək üçün Səudiyyə Ərəbistanı kralı və onun vəliəhdi Allah qonaqlarını lazımi qaydada qəbul edib yola salmaq üçün hər bir şərait yaradır. Həcc və ümrənin təşkili Səudiyyə Ərəbistanı üçün hər zaman prioritetdir", - o bildirib.

Səfir əlavə edib ki, hər il 2 milyon müsəlman eyni məkanda həcc ziyarətini yerinə yetirir.

"Zəvvarlar kütləvi halda eyni gündə, eyni vaxtda bir yerdən başqa yerə ayinlərini icra etmək üçün beş-altı gün ərzində hərəkət edirlər. Ziyarətçilərin təhlükəsizliyi tam təmin olunur və onlara yüksək səviyyədə tibbi xidmətlər göstərilir. Bəzən futbol çempionatı və digər böyük tədbirlərə ev sahibliyi edən ölkələr 100 min nəfər qonağı eyni vaxtda qəbul etməkdə çətinlik çəkirlər. Bütün dövlət qurumları bu işə cəlb olunur. Hətta bir sıra hallarda bir ölkə bir futbol matçını keçirməkdə çətinlik çəkir və təşkilati məsələlər bir neçə ölkə arasında bölüşdürülür. Halbuki bu tədbirlərdə qonaqların sayı 100-150 min nəfər olur. Səudiyyə Ərəbistanı isə eyni vaxtda 2 milyon qonağı qəbul edir. Səudiyyə Ərəbistanı hökuməti zəvvarların qarşılanması və ayinləri asan, sərbəst yerinə yetirməsi üçün əlindən gələni edir", - o bildirib.

Təhsil

Əl-Cüteyli qeyd edib ki, Səudiyyə Ərəbistanında illik 127 azərbaycanlı tələbənin təqaüd almaq imkanı var.

O xatırladıb ki, Səudiyyə Ərəbistanının Təhsil Nazirliyi və bir çox universitetlərin rektor və digər məsul şəxslərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Azərbaycanın təhsil nazirinin müavini ilə görüş keçirildi və Səudiyyə və Azərbaycan universitetləri arasında tələbə mübadiləsi məsələləri müzakirə edildi.

"Bu görüşlərin nəticəsində beş Azərbaycan universitetinin Səudiyyə Ərəbistanında akkreditasiyadan keçirilməsi ilə bağlı razılıq əldə olundu. Razılığa əsasən, bu beş universitetin diplomu Səudiyyə Ərəbistanında da tanınacaq. Səudiyyə Ərəbistanında illik 127 azərbaycanlı tələbənin təqaüd almaq imkanı var. Azərbaycanın Təhsil Nazirliyi bu 127 tələbənin namizədliyini Səudiyyə Ərəbistanına təqdim edə bilər. Onlar Səudiyyə Ərəbistanının istənilən universitetində tibb sahəsi istisna olmaqla istənilən ixtisas üzrə təhsil ala bilərlər. Təqaüdə təyyarə bileti xərci, yaşayış xərcləri, aylıq xərclər, təhsil haqqı, tibbi sığorta və hər 11 aydan bir səyahət bileti daxildir", - o əlavə edib.

Minatəmizləmə sahəsində əməkdaşlıq

Səfir qeyd edib ki, Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycanın Minatəmizləmə Agentliyinin işğaldan azad olunmuş ərazilərdə fəaliyyətinə dəstək göstərilir.

"Minaların mövcudluğu bu ərazilərin inkişafına, insanların bu bölgələrdə yaşayışına böyük maneədir. Ona görə də Səudiyyə Ərəbistanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün yardım ayırıb. Kral Salman Humanitar Yardım və Bərpa Mərkəzinin məsul şəxslərindən olan Abdulla Rəbiyyə Azərbaycanın Minatəmizləmə Agentliyinin təşkil etdiyi beynəlxalq tədbirdə də iştirak edib. Bu Səudiyyə Ərəbistanının qeyd olunan məsələ ilə bağlı Azərbaycanın yanında olduğunu nümayiş etdirən bir nümunədir", - o bildirib.

Sonda səfir qeyd edib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı hər zaman beynəlxalq təşkilatlar və forumlar çərçivəsində bir-birini dəstəkləyir.

"Ölkələr arasında müxtəlif sahələrdə yüksək səviyyəli koordinasiya mövcuddur. 2023-cü ilin sentyabrında Azərbaycana gəldiyim vaxtdan bütün sahələrdə əlaqələri daha da irəliyə aparmaq üçün səy göstərirəm.

Azərbaycan Səudiyyə Ərəbistanına EXPO 2030-un keçirilməsi ilə bağlı dəstək göstərib və biz buna görə təşəkkür etdik. Dünya futbol çempionatının 2034-cü ildə Səudiyyə Ərəbistanında keçirilməsi ilə bağlı da Azərbaycandan dəstək almışıq. Bu qarşılıqlı dəstək ölkələr arasındakı əlaqələrin səviyyəsini daha bariz şəkildə nümayiş etdirir", - o bildirib.

Mövzuya görə xəbərlər