Son dəqiqə

QHGT-nin mənzil qərargahında Saymon Stil ilə görüş keçirilib

Bakı. TurkicWorld

İyulun 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüş keçirilib.

TurkicWorld xəbər verir ki, görüş QHGT-nin mənzil qərargahı və qərargah daxilində fəaliyyət göstərən Tədqiqat Mərkəzi ilə tanışlıqla başlayıb. Qonağa təşkilatın son dövrlərdə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən QHGT-nin sədri, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova gənclərin iqlim dəyişikliyi ilə bağlı həllərə töhfə verə biləcəyini qeyd edib.

Ardınca, COP29-un baş danışıqçısı, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı Saymon Stil gənclərin iqlim dəyişikliyi ilə mübarizənin fəallaşmasında rolundan bəhs edib, gənclərin suallarını cavablandırıb. O, həmçinin, QHGT-nin iqlim dəyişikliklərinə qarşı mübarizədə fəal rolunu yüksək qiymətləndirərək təşkilatın gənclərə dəstək olmaqla onların səsinə beynəlxalq platformalarda yer verməsinin vacibliyini qeyd edib.

Görüşün sonunda QHGT-nin sədri Leyla Həsənova Saymon Stilə təşkilatın adından xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi QH Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə ilk dəfə keçirilən QH Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib. Hazırda, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv Dövlətlər üzrə 58 milli bölmə nəzdində fəaliyyət göstərən yüzlərlə fəal üzvü Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa təkan verir.