Bakı. TurkicWorld:
Azərbaycan Tacikistanın COP29-da iştirakını vacib hesab edir.
TurkicWorld xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən "Azərbaycan-Tacikistan" biznes forumunda deyib.
"Bildiyiniz kimi, BMT-nin növbəti iqlim konfransı olan COP29 noyabr ayında Bakıda keçiriləcək. Təbii ehtiyatlar Azərbaycan iqtisadiyyatında mühüm rol oynamağa davam etsə də, ölkə ətraf mühitin mühafizəsinə sadiqdir. Tacikistanlı həmkarlarımızın əhəmiyyətinə və miqyasına görə bu unikal platformada iştirakını vacib hesab edirik və onları bu tədbir münasibətilə yenidən Bakıya səfərə dəvət edirik", - nazir deyib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.