Bakı. TurkicWorld:
İtaliyanın təcrübəsi Azərbaycan şirkətlərinin müasir avadanlıqlardan istifadəsi üçün vacibdir.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Azərbaycan-İtaliya biznes forumunda deyib.
"Azərbaycanın iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı üzrə missiyası var və aqrar sektorun yaxşılaşdırılması bu missiyanın yerinə yetirilməsi üçün əsas vəzifələrdən biridir", - deyə T.Hacılı qeyd edib.
O, hər iki ölkənin aqrar biznes nümayəndələrinin asanlıqla əməkdaşlıq qurmaları üçün AZPROMO-nun İtaliya Kənd Təsərrüfatı Texnikası İstehsalçıları Assosiasiyası ilə danışıqlar apardığını bildirib.
"Çalışırıq ki, şirkətlərimiz müasir avadanlıqlardan istifadə etsin və burada İtaliyanın təcrübəsi vacibdir", - o deyib.
T.Hacılı bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aqrar sahəni fəal inkişafı nəzərdə tutulur.
"Qarabağ və Şərqi Zəngəzur kənd təsərrüfatının uğurlu inkişafı üçün potensiala malikdir", - deyə o əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan aqrar sahədə istehsal olunan məhsulların gəlir gətirməsi üçün, həmçinin, əlavə dəyər zəncirini yaxşılaşdırmaq istəyir.