Azərbaycan iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həllinə böyük əhəmiyyət verir - Muxtar Babayev

Azərbaycan iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həllinə böyük əhəmiyyət verir - Muxtar Babayev

Bakı. TurkicWorld:

Azərbaycan iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həllinə böyük əhəmiyyət verir.

TurkicWorld-in məlumatına görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edən, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının prezidenti Muxtar Babayev "Vergi sistem yeni inkişaf dövründə: dayanıqlı iqtisadiyyat üçün strateji hədəflər" mövzusunda Bakıda keçirilən konfransda bildirib.

"Ekoloji problemlərdən biri olan qlobal iqlim dəyişikliyi təkcə ekoloji deyil, həm də davamlı inkişafın iqtisadi və sosial aspektlərinə ciddi təsir göstərir. Beynəlxalq birliyin etibarlı və məsuliyyətli üzvü kimi Azərbaycan buna böyük əhəmiyyət verir, iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həllinə çalışır və bu istiqamətdə əməli işlər aparır.

İqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün Azərbaycan bərpa olunan enerji mənbələrindən istifadənin artırılması və daha səmərəli yaşıl texnologiyaların inkişafı kimi bir sıra tədbirlər həyata keçirib. Qanun layihəsi iqtisadi fəaliyyət nəticəsində atmosferə istixana qazı emissiyalarının azaldılması, karbon kreditləri sisteminin yaradılması və tənzimlənməsi və karbon emissiyalarına kvotaların ticarəti məqsədi ilə hazırlanıb".