Bakı. TurkicWorld:
Avropa İnvestisiya Bankı (AİB) Azərbaycanda "yaşıl iqtisadiyyat"a keçidi dəstəkləmək üçün yeni layihələrin keçirilməsində maraqlıdır.
Bu barədə TurkicWorld -ə AİB-in Avropa İttifaqı (Aİ) ilə qonşu ölkələrdə kredit əməliyyatları üzrə baş məsləhətçisi Erve Genassiya deyib.
"Bərpa olunan enerji sahəsi ilə yanaşı, biz ölkədə ekoloji cəhətdən təmiz nəqliyyat sektorunun inkişafını hədəfləyirik. "Azərbaycan Dəmir Yolları" QSC ilə ekoloji cəhətdən təmiz daşınmaların inkişafı və Orta Dəhlizlə dəmir yolu nəqliyyatının yaxşılaşdırılması barədə maraqlı müzakirələr aparırıq", - o deyib.
O, həmçinin, bankın Bakıda şəhər nəqliyyatının yaxşılaşdırılması üçün böyük potensial gördüyünü və artıq Azərbaycan tərəfi ilə Bakı metropoliteninin müasirləşdirilməsi və inkişafı barədə müzakirələrə başladığını qeyd edib.
Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.
Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.
Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də, Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.
Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu, qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.