Slovakiya 2024-cü ilin yazında Qarabağda "ağıllı" kəndin tikintisinə başlayacaq - Boris Kollar

Slovakiya 2024-cü ilin yazında Qarabağda "ağıllı" kəndin tikintisinə başlayacaq - Boris Kollar

Bakı. TurkicWorld:

Slovakiya 2024-cü ilin yazında Qarabağda "ağıllı" kəndin tikintisinə başlayacaq.

Bu barədə Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar Azərbaycana səfəri zamanıTurkicWorld-ə özəl müsahibəsində deyib.

"Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndində "ağıllı" kəndin tikintisinin layihə sənədləri ilə bağlı müqavilə imzalanacaq. Prezident İlham Əliyevlə bu layihəni müzakirə etdik. Layihə sənədləri gələn ilin fevral ayına qədər hazır olmalıdır. Azərbaycan bütün prosesi sürətləndirmək istəyir. Hardasa yazda "ağıllı" kəndin tikintisinə başlanmalıdır. Bu pilot layihə olacaq. Azərbaycan 100-ə yaxın belə "ağıllı" kənd salmaq istəyir. İlk layihə təxminən 5000 ev üçün nəzərdə tutulacaq. Qarabağda böyük bərpa işləri aparılır. Bu, təxminən 20-30 ilə hesablanmış layihədir, çünki 100 belə kəndin salınması vaxt aparacaq. Slovakiya şirkətimizin qalan layihələrdə qalib olub-olmayacağını bilmirik. Slovakların bir deyimi var: "Ən uzun yol ilk addımdan başlayır". Beləliklə, bu, əslində ilk addımdır", - deyə o bildirib.

B.Kollar əlavə edib ki, Azərbaycan və Slovakiya müxtəlif sahələrdə birgə müəssisələrin yaradılması imkanlarını müzakirə edir:

"Məsələn, belə müştərək müəssisələrdən birini burada, Azərbaycanda yaradıla bilər. Bu səfər zamanı məni biznes nümayəndələri də müşayiət edirlər. Bizimlə burada döyüş sursatı və haubitsa istehsalı ilə məşğul olan KONSTRUKTA - Defence dövlət müəssisəsinin baş direktoru var. Biz bu fikri ilk dəfə bu il Azərbaycan Prezidentinin müşaviri GLOBSEC təhlükəsizlik konfransında iştirak etmək üçün Bratislavaya səfər edəndə müzakirə etdik. Biz Azərbaycanda burada işləyə biləcək birgə müəssisənin yaradılması imkanlarını müzakirə etdik. Bu mənim yaxın gələcək üçün məqsədimdir".

Slovakiya parlamentinin sədri ikitərəfli ticarət əlaqələrinin intensivləşdirilməsi yollarından da danışıb:

"Bu, qarşılıqlı əməkdaşlıqdır. Biz xammalı, məsələn, nefti Azərbaycandan alırıq, amma başqa mallar var ki, onları dəyişdirmək olar. Qarşılıqlı ticarət belə yaranır. Milli Məclisin sədri Sahibə Qafarova 2021-ci ildə Slovakiyada səfərdə olub. Onun səfərindən çox təsirləndik və bura gəlməyə qərar verdik. Münasibətlərimiz dostluq xarakteri daşıyır və bu, əməkdaşlığın gələcək inkişafı üçün çox yaxşıdır. Görüşmək və əlaqələri gücləndirmək vacibdir. Burada həm də 2026-cı il Avropa Mədəniyyət Paytaxtı seçilən Treçin şəhərinin merinin evi də yerləşir. O, Trençin ilə Azərbaycanın Şuşa şəhəri arasında əməkdaşlıq qurmaq istərdi. Şuşa şəhərinin nümayəndələri müxtəlif Avropa konfranslarında və digər tədbirlərdə iştirak edə bilərdilər. Biz həmçinin futbol mübadiləsi və birgə matçlar təşkil edə bilərik".

Enerji sahəsində əməkdaşlığa gəlincə, B.Kollar xatırladıb ki, ötən il Slovakiya neft emalı zavodları üçün Azərbaycan neftinin ilk həcmini alıb:

"Avropa İttifaqı enerji mənbələrini şaxələndirmək istəyir. Slovakiya isə təkcə Rusiya neftindən və qazından asılı olmaq istəmir. Hazırda Qətərdən neft, ABŞ-dan isə mayeləşdirilmiş təbii qaz (LNG) idxal edirik. İki il əvvəl biz Azərbaycandan neft tədarükünün mümkünlüyünü müzakirə etdik. Ötən ilin dekabrında isə şirkətimiz Azərbaycandan neft emalı zavodları üçün ilk neft partiyasını qəbul edib. Slovakiya bu ilin aprelində Bolqarıstanda Azərbaycandan əlavə qaz həcmlərinin nəqlinə imkan verəcək "Həmrəylik halqası" layihəsi üzrə anlaşma memorandumu imzalayan ölkələr sırasında olub. Azərbaycan təhlükəsiz ölkədir, burada heç bir risk yoxdur, ona görə də biz uzunmüddətli müqavilələr bağlaya bilərik. Sentyabrın sonunda parlament seçkilərimiz olacağı üçün bir aydan sonra parlamentin spikeri kimi mandatım başa çatacaq. Mən də standartdan da yaxşı münasibətlərimiz olanlarla vidalaşmaq üçün Azərbaycana, başqa ölkələr kimi, səfər etdim".

X: @Lyaman_Zeyn