Azərbaycan Avropaya elektrik enerjisinin böyük ixracçısına çevrilə bilər - Ariel Kohen

Azərbaycan Avropaya elektrik enerjisinin böyük ixracçısına çevrilə bilər - Ariel Kohen

Bakı. TurkicWorld:

Azərbaycan Avropa və dünya bazarlarına neft və qazın böyük ixracçısıdır, indi isə həm də elektrik enerjisinin mühüm ixracçısı ola bilər, lakin bir şərtlə ki, Azərbaycanın özü, region və Avropa üçün generasiyaedici imkanların yaradılması məqsədilə investisiyalar Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Dünya Bankı kimi özəl və dövlət mənbələrindən daxil olsun.

Bu barədə TurkicWorld-ə fəlsəfə doktoru, "Atlantik Şurası" nəzdində Avrasiya Mərkəzinin baş elmi işçisi, Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin Enerji, Artım və Təhlükəsizlik üzrə Proqramının idarəedici direktoru Ariel Kohen deyib.

O, günəş və külək enerjisi kimi alternativ enerji mənbələrindən elektrik enerjisinin istehsalının dünya bazarlarına daha çox təbii qaz ixrac etməyə imkan verəcəyini qeyd edib.

"Azərbaycan ümumilikdə 10 qiqavat enerjinin istehsalına dair anlaşma memorandumları imzalayıb və hətta bunların üçdə biri və ya yarısı həyata keçirilərsə, bu Avropa üçün əsas enerji mənbəyi olacaq. İdeya elektrik enerjisinin bu həcmlərinin kabel ilə Gürcüstan sahillərinə, oradan isə Qara dəniz vasitəsilə Rumıniyaya ixrac etməkdən ibarətdir. Bu həcmlərin bir hissəsi şəbəkə üzərindən Türkiyəyə gedəcək.

Bu, ixrac üçün əlçatan qaz həcmlərini artırmağa və Azərbaycanı elektrik enerjisinin böyük ixracçısına çevirməyə kömək edəcək. Əlbəttə, məsələ bu cür layihənin nə dərəcədə qənaətli və səmərəli olacağındadır. Bu layihə ilə bağlı investisiya, xərclər və vergilərin miqdarı müəyyənləşdirilməlidir. Bu, vaxt ala bilər, lakin əminəm ki, heç olmasa müəyyən qədər alternativ enerjini Azərbaycanda istehsal etmək, bu ölkədə, Qafqazda istehlak etmək, eləcə də Avropaya ixrac etmək mümkündür", - deyə Kohen əlavə edib.

Xatırladaq ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Gürcüstanın Qara dəniz sahillərindən Rumıniyanın Qara dəniz sahillərinədək elektrik kabelinin çəkilməsi haqqında saziş imzalanıb. Saziş çərçivəsində Gürcüstan və Rumıniya arasında min meqavatadək gücə malik 1 195 kilometr uzunluqda elektrik ötürmə xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin uzadılması planlaşdırılır. Kabel Azərbaycanda istehsal olunan "yaşıl" elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və oradan Avropanın digər hissələrinə nəqli üçün nəzərdə tutulub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn