İstanbulda baş tutan “İş Dünyası – 100 ilin zirvəsi” biznes forum-sərgisinin dəyərləndirmə iclası keçirilib

İstanbulda baş tutan “İş Dünyası – 100 ilin zirvəsi” biznes forum-sərgisinin dəyərləndirmə iclası keçirilib

Bakı. TurkicWorld:

İstanbul şəhərində 13-14 iyul tarixlərində baş tutan “İş Dünyası - 100 ilin zirvəsi” biznes forum-sərgisinin dəyərləndirmə iclası keçirilib.

Bu barədə MÜSİAD Azərbaycandan TurkicWorld-a bildirilib.

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, MÜSİAD Azərbaycanın və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə keçirilən tədbirin dəyərləndirmə görüşü MÜSİAD Azərbaycan şöbəsində keçirilib.

Görüşdə MÜSİAD Azərbaycan İdarə Heyəti sədri Rəşad Cabirli, İdarə Heyəti Üzvləri, MÜSİAD üzvləri, KOBİA sədr müavini Hikmət Məmmədov və biznes forum-sərgisinə Azərbaycandan qatılan sahibkarlar iştirak edib.

İclas zamanı sahibkarların tədbir haqqında fikirləri dinlənilib, tədbirin ümumi dəyərləndirilməsi edilib.

Daha sonra iki ölkə arasında iqtisadi və ticari əlaqələrin artırılması üçün yeni layihələr planlaşdırılıb və birgə fəaliyyətlər haqqında müzakirələr aparılıb.

KOBİA sədr müavini Hikmət Məmmədov qeyd edib ki, KOBİA hər zaman sahibkarların yanında olub və onlara dəstək olmağa hazırdır.

O bildirib ki, formun daha genişmiqyaslı şəkildə keçirilməsi üçün Ankarada artıq fəaliyyətlərə başlanılıb.

MÜSİAD Azərbaycan sədri Rəşad Cabirli, forumun uğurla həyata keçdiyini vurğulayıb və belə forumların daha çox olması üçün fəaliyyətlərin planlaşdırıldığını bildirib.

Rəşad Cabirli qeyd edib ki, Türkiyədə 83, ölkə xaricində 81 fərqli ölkədə, ümumilikdə 164 məntəqə ilə xidmət edən MÜSİAD-ın, üzvlərinə və sahibkarlara öz gücü ilə, network əlaqələri ilə hər zaman arxa olduğunu və işbirlikləri üçün lazımi dəstəklərin göstərilməsinə hazır olduğunu bildirib.

Xatırladaq ki, 13-14 iyul tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) tərəfdaşlığı, KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və “MÜSİAD Azərbaycan”ın təşkilatçılığı ilə İstanbulda “İş Dünyası – 100 ilin zirvəsi” adlı biznes forumu keçirilib.

Bildirək ki, keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Respublikasının 100 illiyinə həsr edilib.