"Azərkosmos" və Misir Kosmik Agentliyi əməkdaşlıq üzrə danışıqlar aparır

"Azərkosmos" və Misir Kosmik Agentliyi əməkdaşlıq üzrə danışıqlar aparır

Bakı. TurkicWorld:

Hazırda "Azərkosmos" ilə Misir Kosmik Agentliyi arasında əməkdaşlıq üzrə danışıqlar aparılır.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misirin müstəqillik gününə həsr olunmuş tədbirdə deyib.

"Hazırda ölkələr arasında kosmik sahədə əməkdaşlıq potensialı öyrənilir. "Azərkosmos" ilə Misir Kosmik Agentliyi arasında əməkdaşlıq üzrə danışıqlar aparılır. Hesab edirəm ki, bu Misirin bir sıra şirkətləri ilə Azərbaycanın peyk potensialına dair artıq mövcud olan razılaşmalara mühüm əlavədir", - nazir deyib.

Onun sözlərinə görə, hazırda ölkələr arasında həftədə üç sərnişin reysi həyata keçirilir.

"Hesab edirik ki, birbaşa reyslərin sayının artırılması ölkələrimiz arasında iqtisadiyyat, ticarət və turizm sahələrində əməkdaşlığa imkan yaradacaq", - nazir deyib.

O həmçinin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin ilin əvvəlində Azərbaycana baş tutan səfərinin əhəmiyyətini qeyd edib.

"Bu səfər münasibətlərimizin inkişafına əlavə təkan verib. Dövlət başçılarımızın görüşündə iki ölkə arasında siyasi-iqtisadi və mədəni əlaqələrin inkişaf perspektivləri ətraflı müzakirə olunub. Əczaçılıq, alüminium sənayesi, neft sənayesi və bərpa olunan enerji sektoru əməkdaşlığımızın prioritet istiqamətləri olaraq müəyyən edilib", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)