BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) post-prodakşn mərhələsində dəstəklədiyi “Boşluğa xütbə” filminin yerli premyerası 6 dekabr tarixində “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” , “Baku Cinema Breeze” beynəlxalq kino proqramı çərçivəsində baş tutdu.
TurkicWorld xəbər verir ki, tədbirin açılışında filmin rejissoru Hilal Baydarov ekran əsərinin ideya xətti, yaradıcı konsepsiyası, çəkiliş prosesi və beynəlxalq festival təcrübəsi barədə ətraflı məlumat verdi. O, “Boşluğa xütbə” filminin Venesiya, Tokio və Qahirə kimi nüfuzlu beynəlxalq kino festivallarında nümayiş olunmasının Azərbaycan kinosunun qlobal miqyasda tanınmasına mühüm töhfə verdiyini vurğuladı. Rejissor eyni zamanda filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Kino Agentliyinə (ARKA) təşəkkürünü ifadə etdi.
Qeyd edək ki, Hilal Baydarovun müəllifi olduğu “Boşluğa xütbə” filmi daha əvvəl 82-ci Venesiya Beynəlxalq Film Festivalının “Müsabiqədənkənar proqram” bölməsində, Tokio Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında və Qahirə Beynəlxalq Film Festivalında uğurla nümayiş etdirilib.
Bakıdakı premyera nümayişində filmin yaradıcı heyəti, dövlət qurumlarının nümayəndələri, yerli və beynəlxalq kino mütəxəssisləri, media təmsilçiləri və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Film tamaşaçılar tərəfindən böyük maraq və yüksək rəğbətlə qarşılanıb.






