Bakı, TurkicWorld
Avqustun 30-da Bakıda Bəhreynin RAK İncəsənət Fondunun rəssamlarının əsərlərindən ibarət sərgi açılıb.
TurkicWorld xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirak ediblər.
Sərginin açılışında çıxış edən RAK İncəsənət Fondunun təsisçisi, tanınmış bəhreynli rəssam və kolleksiyaçı Raşid Al Xalifa, bəhreynli rəssamların istedadlarını Azərbaycanın sənətsevərləri ilə bölüşməkdən məmnun olduğunu bildirib. O, RAK İncəsənət Fondunun beynəlxalq əməkdaşlığı və qarşılıqlı anlaşmanı təşviq etdiyini vurğulayıb.
Raşid Al Xalifa əlavə edib ki, bu əməkdaşlığın məqsədi bəhreynli sənətkarların zəngin əsərlərini Bakının rəngarəng incəsənət səhnəsinə təqdim etməkdir.
"Azərxalça" ASC-nin sədri Emin Məmmədov çıxışında Raşid Al Xalifa və RAK İncəsənət Fondu ilə əməkdaşlığın incəsənətin, beynəlxalq dostluğun və mədəni anlaşmanın inkişafına təkan verdiyini qeyd edib. O bildirib ki, Bəhreynin müasir incəsənət nümunələrinin Bakıda nümayiş etdirilməsindən böyük məmnunluq duyur və bu tədbirin ölkələrimiz arasında əməkdaşlıq imkanlarını daha da genişləndirəcəyinə ümid etdiyini ifadə edib.
Qeyd edək ki, daha əvvəl Heydər Əliyev Mərkəzində Raşid Al Xalifanın bir neçə sərgisi təşkil olunub.