Son dəqiqə

Azərbaycan İxracat

İxracatçılara daşıma xərcləri üçün yeni dövlət dəstəyi veriləcək

BAKI,TurkicWorld

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, qeyri-neft-qaz məhsulları ixrac edən sahibkarların daşıma xərclərinin 70 faizinədək hissəsi dövlət tərəfindən kompensasiya olunacaq.

Yeni dəstək mexanizmi qeyri-neft-qaz ixracının artırılması, məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin gücləndirilməsi və ixracatçıların logistika xərclərinin azaldılması məqsədi daşıyır.

Fərmana əsasən, dəstək yalnız Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracına şamil ediləcək.

Daşıma dəmir yolu, hava, dəniz və ya Azərbaycanda qeydiyyatda olan avtomobil nəqliyyatı ilə həyata keçirildiyi halda, sahibkarın nağdsız ödədiyi daşıma xərclərinin 70 faizi, xarici ölkələrdə qeydiyyatda olan avtomobillərlə daşındıqda isə 50 faizi nəzərə alınacaq.

Eyni zamanda, kompensasiyanın məbləği nəqliyyat növündən asılı olaraq malın gömrük dəyərinin müəyyən hissəsi ilə məhdudlaşdırılacaq. Belə ki, avtomobil, dəmir yolu və hava nəqliyyatı üçün bu hədd 15 faiz, dəniz nəqliyyatı üçün isə 5 faiz təşkil edəcək. İxracatçıya bu iki hesablamadan daha aşağı olan məbləğ ödəniləcək.

Fərman Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınmasını da əhatə edir. Bu halda da sahibkarın nağdsız ödədiyi nəqliyyat xərclərinin 70 faizi dövlət tərəfindən qarşılanacaq.

Dəstək ödənişləri rüblük əsasda sahibkarların müraciətləri əsasında hesablanacaq və İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.

Yeni mexanizm 2026-cı il sentyabrın 1-dən 2036-cı il sentyabrın 30-dək həyata keçirilən daşımalara şamil olunacaq.

Bildirilib ki, dəstəyin tətbiqi qaydaları, dəstəklənəcək malların siyahısı, ölkə qrupları, müraciət proseduru və multimodal daşımaların hesablanma mexanizmi ayrıca normativ aktlarla müəyyən ediləcək.

Mövzuya görə xəbərlər