Bakı. TurkicWorld, Orxan Qədirzadə
Qrenlandiya rəsmiləri və ictimaiyyət ABŞ Prezidenti Donald Trampın adanı nəzarətə götürmək və ya ilhaq etmək niyyəti ilə bağlı açıqlamaları fonunda artan narahatlıqlarını ifadə edirlər. Qrenlandiyalı siyasətçilər bildirirlər ki, ada nə satılıqdır, nə də ABŞ-ın bir hissəsi olmağa razıdır.
Danimarka parlamentində Qrenlandiyanı təmsil edən deputatlardan biri, Inuit Ataqatigiit partiyasının üzvü Aaja Kemnits bildirib ki, Qrenlandiya xalqının kimliyi, dili və mədəniyyəti “alınıb-satıla biləcək bir əmtəə deyil”.
“Qrenlandiya satılmır və heç vaxt satılmayacaq. Bizim kimliyimiz var və amerikalı olmaq qrenlandiyalıların böyük əksəriyyətinin istəmədiyi bir seçimdir”, — deyə o vurğulayıb.
Digər qrenlandiyalı deputat, Naleraq partiyasının üzvü Aki-Matilda Hyoq-Dam isə son aylarda adada ciddi psixoloji gərginlik yarandığını bildirib.
“Biz yüz illərdir böyük güclərdən kənarda yaşamışıq. İndi isə özümüzü küncə sıxışdırılmış hiss edirik. Bu, insanlarda qorxu və narahatlıq yaradır”, — deyə o qeyd edib.
Məlumata görə, son günlər Danimarka Xarici Əlaqələr Komitəsi yalnız bir mövzu ilə bağlı — ABŞ ilə münasibətlərin kəskin pisləşməsi fonunda — fövqəladə iclas keçirib. Siyasi müşahidəçilər bu vəziyyəti Danimarka Krallığı üçün İkinci Dünya müharibəsindən bəri ən ciddi diplomatik böhran kimi qiymətləndirirlər.
Donald Tramp Qrenlandiyanın ABŞ üçün milli təhlükəsizlik baxımından “həyati əhəmiyyət” daşıdığını iddia edir. O, son açıqlamalarında adaya yalnız nəzarətin deyil, “mülkiyyətin” vacib olduğunu bildirib və hərbi variantı tam istisna etməyib.
Qrenlandiya isə Danimarka Krallığının tərkibində muxtar ərazi olsa da, müdafiə və xarici siyasət məsələlərində NATO çərçivəsində fəaliyyət göstərir. Ada rəhbərliyi açıq şəkildə bəyan edir ki, təhlükəsizlik yalnız NATO mexanizmləri daxilində təmin edilə bilər.
ABŞ daha əvvəl də Qrenlandiyanı almağa cəhd edib. XIX əsrdə və İkinci Dünya müharibəsindən sonra Vaşinqton Danimarkaya maliyyə təklifləri irəli sürsə də, bu cəhdlər rədd edilib.
Son aylarda Trampın “razılaşma olmazsa, başqa yollar var” tipli bəyanatları Qrenlandiyada ciddi narahatlıq doğurub. Yerli media nümayəndələri bildirir ki, ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronun hərbi əməliyyatla saxlanılması qrenlandiyalıların təhlükə hissini daha da gücləndirib.
Qrenlandiyalı siyasətçilər isə mövqelərinin dəyişməz olduğunu vurğulayırlar.
“Biz nə amerikalı olmaq istəyirik, nə də danimarkalı. Biz qrenlandiyalıyıq. Bir müstəmləkə kifayətdir, yenisinə ehtiyacımız yoxdur”, — deyə Aki-Matilda Hyoq-Dam bildirib.