BAKI, TurkicWorld, Orxan Qədirzadə
Livanda Hizbullah tərəfdarları Suriyanın keçmiş prezidenti Bəşşar Əsəd və onun keçmiş media müşaviri Luna əl-Şiblə aid sızdırılmış videolardan sonra ciddi narazılıq ifadə ediblər. Kadrlar hərbi müdafiə xəttində yüzlərlə itki verən və 14 illik müharibə boyunca rejimi ayaqda saxlayan Hizbullahın “lağ obyektinə çevrilməsi” kimi qiymətləndirilib.
TurkicWorld xəbər verir ki, Al Arabiya tərəfindən yayılan videolarda Əsədin Dəməşqdə avtomobil idarə etdiyi, Şiblın isə yanında əyləşdiyi görünür. Çəkilişin 2018-ci ilə — Quta müxalifətinin çıxarılmasından sonrakı dövrə aid olduğu ehtimal edilir. Səfər zamanı Əsədin “bunlar livanlıdır” deməsi, yəni Hizbullah döyüşçülərini nəzərdə tutması Şiblın partiya barədə istehzalı fikirlərinə zəmin yaradır.
Şibl videoda “Suriya ordusunun başqa ordulara təcrübə ötürəcək səviyyəyə çatdığını”, Hizbullahın isə “iddialarını sübut etmədiyini” söyləyir. Əsədin bu sözlərə etiraz etməməsi Livanda Hizbullah tərəfdarları tərəfindən “razılıq əlaməti və növbəti təhqir” kimi dəyərləndirilib.
Partiya tərəfdarlarından biri bildirib ki, videolar “bütün qurbanlara istehza və faktların inkarıdır”. Başqa bir dəstəkçi isə Şibli “yalançı və reallıqdan uzaq” adlandırıb. “Əgər Hizbullah olmasaydı, 2012-ci ilin qışında Dəməşq müxalifətin əlinə keçəcəkdi.”- o deyib.
Hizbullah döyüşçüləri də Asharq al-Awsat-a açıqlamalarında rejim ordusunun 2012-ci ildə Cənubi Dəməşqdə hücumları dayandırmağı bacarmadığını, əməliyyat planlarının partiya tərəfindən hazırlandığını bildiriblər. Onların sözlərinə görə, Quseyr, Qələmoun, Zabadani və Şərqi Quta əməliyyatlarının strateji planı da Hizbullaha məxsus idi.
Sosial şəbəkələrdə də narazılıq dalğası güclənib. İstifadəçilər Hizbullah–Əsəd münasibətlərinin Suriyada Hizbullahın Əsədi dəstəkləməsi ilə güclə bərpa olunduğunu, lakin tərəflər arasında 1975–1990-cı illərin Livan müharibəsindən miras qalan rəqabətin heç vaxt tam yox olmadığını bildiriblər.
Narazılıq Əsədin 2024-cü ilin dekabrında hakimiyyətdən salınmasından əvvəl də artmışdı. Hizbullah liderləri onu 2023-cü ilin oktyabrında Qəzzaya dəstək üçün başladılan “dəstək müharibəsində” partiyanı tək buraxmaqda ittiham etmişdi. Yeni məlumatlara görə, Əsəd həmin dövrdə Hizbullaha Suriya ərazisindən İsrailə raket atmağa da icazə verməmiş, silah tədarükünə məhdudiyyətlər qoymuşdu.