Human Rights Watch ABŞ-ı İsrailə silah verməməyə çağırır

Human Rights Watch ABŞ-ı İsrailə silah verməməyə çağırır

Bakı,TurkicWorld

Human Rights Watch və Oxfam ABŞ-ı İsrailə silah satışını dayandırmağa çağırıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, beynəlxalq insan haqları təşkilatının birgə bəyanatında Yaxın Şərqdə sülhün əldə olunması və dinc əhalinin iztirablarına son qoyulması üçün bunun dərhal həyata keçirilməli olduğu bildirilir.

Ekspertlər ABŞ hökumətinə Fələstin-İsrail münaqişəsində eskalasiyanın yeni raundu başlayandan bəri törədilmiş cinayətləri, habelə Təl-Əvivin beynəlxalq humanitar hüquqa zidd hərəkətlərini əks etdirən hesabat təqdim ediblər.

Hesabata “İsrailin Livan və Qəzza zolağında hərbi əməliyyatlarda ABŞ tərəfindən təmin edilən ağ fosfordan istifadə etməsi, həmçinin oktyabrın 7-dən noyabrın 7-dək bir çox böyük xəstəxanalara və ya onların ətraf məhəllələrinə qeyri-mütənasib hücumları” daxildir.

İnsan haqları fəalları həmçinin İsraili “ABŞ tərəfindən maliyyələşdirilən humanitar yardımın Qəzza zolağına çatdırılmasına mane olmaqda” ittiham ediblər. Bundan əlavə, hesabatda bombardman nəticəsində eksklavın su infrastrukturuna ciddi ziyan dəydiyi barədə məlumat verilir.

Qeyd edək ki, Qəzzanın səhiyyə rəsmilərinə görə, İsrailin Qəzzanı işğal etməsi 31 mindən çox insanın ölümünə səbəb olub, anklavın çox hissəsini xarabalığa çevirib və Qəzzanın 2,3 milyon əhalisinin 80 faizini köçkün vəziyyətinə salıb.
Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 31,270-dən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin çərşənbə günü Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.