Netanyahunun müharibədən sonrakı planı Qəzzanın yenidən işğalının rəsmi şəkildə qəbul edilməsidir - Fələstin

Netanyahunun müharibədən sonrakı planı Qəzzanın yenidən işğalının rəsmi şəkildə qəbul edilməsidir - Fələstin

Bakı. TurkicWorld:

Fələstin Xarici İşlər Nazirliyi bəyan edib ki, İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzada müharibədən sonrakı dövr üçün açıqladığı plan, Qəzzanın yenidən işğalının rəsmi etirafıdır.

TurkicWorld-un AzerVoice-ə istinadən məlumatına görə, nazirlikdən verilən yazılı açıqlamada, Netanyahunun hökumətə təqdim etdiyi plana, Qəzza zolağının tərksilah edilməsi, İsrailin təhlükəsizlik üçün hərəkət azadlığının qorunması və Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının bağlanması daxildir.

Açıqlamada, İsrail mediasında “müharibədən sonra Netanyahu prinsipləri” olaraq xarakterizə edilən planın qətiyyətlə rədd edildiyi bildirilib və bunun “Qəzzanın yenidən işğalının rəsmi etirafı” olduğu qeyd edilib.

Açıqlamada İsrailin törətdiyi soyqırım müharibəsini bu şəkildə davam etdirməyə və fələstinlilərin deportasiyası üçün daha çox vaxt qazanmağa çalışdığı ifadə edilərək, bu addımın sona çatmaq üçün edilən səylərin uğursuzluğa düçar olması üçün qalmaqallı bir addım olduğu vurğulanıb.

Bəyanatda ABŞ administrasiyası və Qərb ölkələrindən Fələstin dövlətini tez bir zamanda tanımağa və onun BMT-yə tamhüquqlu üzvlüyünü dəstəkləməyə çağırılıb, həmçinin işğala son qoyacaq beynəlxalq sülh konfransının keçirilməsi üçün hazırlıqlara başlanması istənilib.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.