BAKI, TurkicWorld
Kipr türk xalqının milli mübarizə tarixində xüsusi yeri olan Raif Denktaş 27 yanvar 1924-cü ildə Kiprin Pafos şəhərində anadan olub. Hakim Mehmet Raif Əfəndi və Əminə Xanımın altıncı övladı olan Denktaş, bir yaş yarım olanda anasını, 17 yaşında isə atasını itirib. O, babası Şeherli Mehmed və nənəsi tərəfindən böyüdülüb.
1930-cu ildə təhsil üçün İstanbula göndərilən Denktaş Arnavutköydəki Feyziati Liseyində ibtidai sinfi bitirib, sonra Kiprə qayıdaraq 1941-ci ildə Lefkoşadakı İngilis Məktəbini tamamlayıb. Qısa müddət ingilis liseyində müəllim işlədikdən sonra 1944-cü ildə British Council təqaüdü ilə hüquq təhsili almaq üçün İngiltərəyə gedib. 1947-ci ildə Lincoln’s Inn hüquq məktəbini bitirərək Kiprə qayıdıb və hüquqşünaslığa başlayıb.
Siyasi fəaliyyətə başlanğıc
27 noyabr 1948-ci ildə Enosisə qarşı keçirilən ilk böyük mitinqdə Dr. Fazıl Küçüklə birgə çıxışı Denktaşın uzunmüddətli siyasi karyerasının başlanğıcı olub. 1949-cu ildə Kipr prokuroru təyin edilib, lakin 1958-ci ildə vəzifədən istefa verərək Kipr Türk Qurumları Federasiyasının prezidenti seçilib. Onun rəhbərliyi ilə 1957-ci ildə Türk Müqavimət Təşkilatı (TMT) yaradıldı və Enosisə qarşı mübarizədə mühüm rol oynayıb.
1960–1974-cü illər: Federal dövlət təşəbbüsləri və gərginlik dövrü
1959-cu ildə Sürix və London müqavilələrində iştirak edən Denktaş, 1960-cı ildə qurulan Kipr Respublikasında Türkiyə İcma Məclisinin sədri olub. 1963-cü ilin “Qanlı Milad” hadisələrindən sonra Kipr türklərinin təhlükəsizliyi məsələsini beynəlxalq müstəviyə çıxarıb. 1964–1967-ci illərdə Kiprə qayıtmasına icazə verilmədiyi üçün Ankarada çalışıb, beynəlxalq mühazirələr verib. 1967-ci ildə gizli şəkildə adaya qayıtmaq cəhdi zamanı həbs olunsa da, Türkiyənin təzyiqi ilə sərbəst buraxılıb. 1968-ci ildən Kipr Rum lideri Qlafkos Klerides ilə icmalararası danışıqlara başlayıb.
1974-cü il Sülh Hərəkatı və dövlət quruculuğu
15 iyul 1974-cü il çevrilişindən sonra Türkiyə 20 iyulda Kipr Sülh Əməliyyatına başlayıb. 13 fevral 1975-ci ildə Kipr Türk Federativ Dövləti elan edildi və Denktaş onun prezidenti seçilib. 15 noyabr 1983-cü ildə Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) elan edillib və Denktaş ilk prezident olub.
Prezidentlik illəri
Denktaş 1983, 1990, 1995 və 2000-ci illərdə prezident seçkilərində qalib gəlib. 1968-ci ildən 2004-cü ilə qədər davam edən icmalararası danışıqlarda türk icmasının hüquqlarını müdafiə edib. Annan Planını Kipr türkləri üçün əlverişsiz hesab edərək qəbul etməyib. 2004-cü il referendumunda plan türk icması tərəfindən dəstəklənsə də, yunan icmasının rədd etməsi səbəbindən həyata keçməyib. 2005-ci ildə prezidentlikdən ayrılaraq vəzifəsini Mehmet Əli Talata təhvil verib.
Son illəri və vəfatı
Siyasi fəaliyyətini dayandırdıqdan sonra Denktaş Kipr məsələsi ilə bağlı məqalələr və xatirələr yazıb. 2012-ci ilin yanvarında səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib və 13 yanvar 2012-ci ildə vəfat edib.