Türkiyədə baş verən zəlzələlər 1,5 milyon insanı evsiz qoyub – BMT

Türkiyədə baş verən zəlzələlər 1,5 milyon insanı evsiz qoyub – BMT

Bakı, TurkicWorld:

Türkiyədə son zəlzələlər nəticəsində 1,5 milyon insan evsiz qalıb və ölkədə 500 minə yaxın yaşayış evi yenidən tikilməli olacaq.

TurkicWorld-un məlumatına görə bu haqda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) rəsmisi,qurumun Türkiyə üzrə daimi nümayəndəsi Luiza Vinton deyib.

O qeyd edib ki , Türkiyənin müvafiq sturkturları zəlzələ bölgəsindəki, ziyan dəymiş binaların 70 faizini yoxlayıb, 412 min yaşayış binasından 118 mini tamamilə sökülməlidir.

Vintonun sözlərinə görə, ilk zəlzələlərdən iki həftə sonra bunu Türkiyə tarixində ən böyük təbii fəlakət adlandırmağa əsas var.

Onun sözlərinə görə, hökumət bazar günü ilk zəlzələlər üçün axtarış-xilasetmə işlərini yekunlaşdırıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 42 min 310 nəfərə çatıb.