İHH axtarış-xilasetmə qrupu zəlzələ bölgəsində təcili yardım işlərinə başlayıb

İHH axtarış-xilasetmə qrupu zəlzələ bölgəsində təcili yardım işlərinə başlayıb

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Türkiyənin İHH İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi zəlzələdən sonra təcili yardım işlərinə başlayıb.

Məlumata görə, fevral ayının 6-da Türkiyənin cənub bölgəsində yerləşən on fərqli vilayətdə 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.

Zəlzələlərdə 6 minə yaxın bina dağılıb, son hesablamalara görə 8 min 574 nəfər həyatını itirib, 49 min 133 nəfər isə yaralanıb.

Qeyd edək ki, araşdırmalar çərçivəsində 1 min 390 nəfərdən ibarət 65 axtarış-xilasetmə qrupu 2 axtarış-xilasetmə iti ilə birlikdə çalışır.

İHH tərəfindən İstanbuldan bölgəyə səyyar mətbəx göndərilib. Bu zamana qədər, İHH tərəfindən zəlzələ bölgəsində 121 min 350 nəfərə isti yemək paylanıb.

Bundan əlavə, içərisində qida, çəkmə, palto, uşaq bezi, un və su kimi məhsulların olduğu 50 yük maşını zəlzələdən zərər çəkmiş əyalətlərə yola düşüb.

İHH-nin zəlzələ bölgələri üçün həyata keçirdiyi digər yardım işləri aşağıdakılardır:

-173 min 167 ədəd çörək

-1800 qutu su

-250 bağlama ərzaq

-4 min 220 paket gigiyena materialı

-750 uşaq paltosu

-550 yorğan

-85 qutu müxtəlif yeməklər

Zəlzələdən zərər çəkən vilayətlərdən biri olan Hataydan İHH sədri Bülent Yıldırım kömək çağırısı edib.

“Dəstək olmaq istəyən vətəndaşlarımız dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir. Xüsusilə axtarış-xilasetmə sahəsində təcrübəsi olan insanlara ehtiyac var. Bölgədə çörək, su, yemək, drel, külüng, bel və axtarış-xilasetmə vasitələrinə ehtiyac var”, - deyə Yıldırım bildirib.

İHH Humanitar Yardım Vəqfi zəlzələ bölgələrində təcili ehtiyac duyulan əşyaları belə sıralayıb: Ədyal, çadır, çörək, su, palto, döşək, elektrik qızdırıcı, konservləşdirilmiş hazır yemək, soyuq sendviçlər, meyvə suyu, projektor, uşaq bezləri, gigiyena materialları, bot, enerji verən qidalar.

Məlumata görə, bölgədə digər yardım tədbirləri də davam edir.

Qeyd edək ki, TurkicWorld ilə Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi (İHH) arasında rəsmi media tərəfdaşlığı 2023-cü ilin yanvar ayının 18-də imzalanıb.