Türkiyə-Aİ münasibətləri uğurla davam etdiriləcək - Hakan Fidan

Türkiyə-Aİ münasibətləri uğurla davam etdiriləcək - Hakan Fidan

Bakı. TurkicWorld:

Avropa İttifaqına (Aİ) üzvlük məsələsi Türkiyə üçün strateji hədəf olaraq qalmaqdadır.

TurkicWorld xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada səfərdə olan İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ilə görüşündən sonra mətbuata açıqlamasında deyib.

Aİ qurumları ilə Türkiyə arasında münasibətlərin uğurla davam etdiriləcəyinə əminliyini vurğulayan H.Fidan qeyd edib ki, üzvlük perspektivi dəyişməyib və Türkiyə Avropa İttifaqından niyyət bəyanatı gözləyir.

Xarici işlər nazirlərinin görüşündə təhlükəsizlik sahəsində atılacaq addımlar, NATO çərçivəsində əməkdaşlığın perspektivləri, Türkiyə ilə İspaniyanın müttəfiq ölkələr olaraq müdafiə sənayesi sahəsində birgə layihələri, İsrail-Fələstin qarşıdurmasının həlli və digər məsələlər müzakirə edilib.

İspaniyalı nazir İsrail-Fələstin münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində Türkiyənin irəli sürdüyü sülh konfransını ölkəsinin dəstəklədiyini bildirib.