Qəzza soyqırımına görə məsuliyyət daşıyan Netanyahu idarəsi beynəlxalq hərbi cinayətlər məhkəməsində mühakimə olunacaq - TBMM sədri

Qəzza soyqırımına görə məsuliyyət daşıyan Netanyahu idarəsi beynəlxalq hərbi cinayətlər məhkəməsində mühakimə olunacaq - TBMM sədri

Bakı. TurkicWorld:

Qəzza soyqırımına görə məsuliyyət daşıyan Netanyahu idarəsi beynəlxalq hərbi cinayətlər məhkəməsində mühakimə olunacaq.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Fələstin Milli Şurasının sədri Ruhi Fəttuh və onu müşayiət edən nümayəndə heyətini qəbul edərkən deyib.

"Təəssüf ki, Qəzzadakı bacı-qardaşlarımız hazırda bəşər tarixində heç vaxt görülməmiş bir qəddarlıq yaşayırlar. Biz burada söhbət edərkən Qəzzada yenidən evlər bombalanır, gənclər və uşaqlar həyatlarından qoparılır. Bu, açıq şəkildə soyqırım sayılan bir qırğındır. Dünyadakı digər qətliamlar kimi Qəzza qətliamı da biabırçılıq kimi tarixə düşür. Necə ki, dünən Qərb dünyası qırğınları yalnız seyr etmək mövqeyində dayanıb, bu gün də eyni şeyi yaşayırıq. Təəssüf ki, hökumətlər buna susur",- deyə Kurtulmuş bildirib.

Numan Kurtulmuş qeyd edib ki, Türkiyə olaraq bütün dünyanın seyr etdiyi soyqırıma və böyük qırğına qarşı ilk andan ən yüksək səviyyədə reaksiya veririk. Məsələnin təcili həll edilməli olduğunu göstəririk. Türkiyə Böyük Millət Məclisi olaraq parlament diplomatiyasının bütün imkanlarından istifadə edirik.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

İsrailin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 10 min 569 nəfərə çatıb.

Aytac Süleymanova