Bəzi qüvvələr İsrail-Fələstin münaqişəsini səlib yürüşünə çevirmək istəyir - Kurtulmuş

Bəzi qüvvələr İsrail-Fələstin münaqişəsini səlib yürüşünə çevirmək istəyir - Kurtulmuş

Bakı. TurkicWorld:

Bəzi qüvvələr İsrail-Fələstin münaqişəsini səlib yürüşünə çevirmək istəyir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.

O, İordaniya Nümayəndələr Palatasının sədri Əhməd Əl Safadi ilə telefon görüşü keçirib.

Keçirilən görüşdə İsrail-Fələstin münaqişəsi və regional məsələlər müzakirə edilib.

“Qeyri-qanuni sionist yəhudi mühacirlər işğal etdikləri yerlərdən çıxarılmadıqca və müsəlmanların müqəddəs məkanlarına, xüsusən də Əl-Əqsa məscidinə edilən hücumların qarşısı alınmayınca, bölgəyə sülh və əmin-amanlıq gəlməyəcək. Təəssüf ki, həm İsraildəki sionist Likud cəbhəsi, həm də onun Avropa və Amerikadakı dəstəkçiləri münaqişəni səlib yürüşünə çevirmək istəyir.” – deyə Kurtulmuş bildirib.

O qeyd edib ki, müsəlman ölkələrinin parlamentləri olaraq üzərimizə düşən bütün vəzifələri yerinə yetirməyə hazırıq.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

İsrailin Qəzzaya hücumları nəticəsində ölən mülki vətəndaşların sayı 5 min 791 nəfərə çatıb.

Hafiz Rufizoğlu