Son dəqiqə

Bakıda Kənddən Şəhərə yarmarkası təşkil olunur Paytaxtda fermer məhsullarının satışı keçiriləcək 24 regiondan 51 fermer Bakıda yarmarkaya qatılacaq Gənclik yaxınlığında kənd məhsulları yarmarkası Yarmarkada 145 çeşiddə məhsul satışa çıxarılacaq Məhsulların keyfiyyətinə rəsmi nəzarət ediləcək

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

BAKI, TurkicWorld. Orxan Qədirzadə

Paytaxt sakinləri üçün 28 fevral – 1 mart tarixlərində şəhərdə “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq.

TurkicWorld xəbər verir ki, yarmarka Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə keçiriləcək. Tədbirin əsas məqsədi yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.

Yarmarkada 24 regiondan 51 fermer iştirak edəcək. Ümumilikdə 145-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsulunun satışı həyata keçiriləcək.

Satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı sualı olan vətəndaşlar ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına müraciət edərək məhsullardan analiz etdirə biləcəklər.

Yarmarka iki gün ərzində saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında – “Gənclik” metro stansiyasının yaxınlığında təşkil olunacaq.

Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin edilir.