BAKI, TurkicWorld
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əkbər Əsgərov ilə görüşüb.
TurkicWorld xəbər verir ki, görüşdə “Yüksəliş” müsabiqəsinin ölkədə kadr potensialının formalaşdırılmasında rolu, qaliblərin peşəkar inkişaf imkanları və dövlət idarəçiliyində tətbiqi mümkün innovativ yanaşmalar kimi mövzular diqqət mərkəzində olub. Eyni zamanda, diaspor siyasətinin prioritet istiqamətləri, xaricdə yaşayan azərbaycanlıların milli maraqlarının beynəlxalq platformalarda daha effektiv təmsil olunması məsələləri ətrafında müzakirələr aparılıb. Əkbər Əsgərovun fərdi inkişaf planı, peşəkar hədəfləri və gələcək fəaliyyət istiqamətləri nəzərdən keçirilib. Dövlət və ictimai idarəetmədə liderlik keyfiyyətlərinin formalaşdırılması, qlobal şəbəkələşmə və strateji baxışın genişləndirilməsi barədə fikir mübadiləsi olub.
Əkbər Əsgərov müsabiqə çərçivəsində qazandığı təcrübənin, xüsusilə, Mentorluq Proqramının peşəkar inkişafına müsbət təsir göstərdiyini bildirib, gələcək fəaliyyətində dövlət siyasətinin prioritet istiqamətlərinə uyğun təşəbbüslərlə çıxış etməyə hazır olduğunu söyləyib.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalayıb.