BAKI,TurkicWorld
Türkiyədə keçirilən “11-ci Beynəlxalq İstanbul Nəşriyyat Peşəkar Görüşləri”ndə Azərbaycanlı naşirlər fəal iştirakı ilə seçilib.
TurkicWorld xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Türkiyə Nəşriyyat Peşə Birliyinin təşkilatçılığı və Anadolu Agentliyinin qlobal kommunikasiya tərəfdaşlığı ilə Şişli rayonundakı Taş Yapı Tədbir və Konqres Mərkəzində keçirilən forum üç gün davam edib.
Tədbirdə 73 ölkədən 335 naşir iştirak edib. Forum beynəlxalq telif hüquqları mübadiləsi və nəşriyyat sahəsində əməkdaşlıq baxımından sektorun mühüm platformalarından biri kimi qiymətləndirilib.
Çıxış edən Bilal Ərdoğan Türkiyənin mühüm mədəniyyət ölkəsi olduğunu vurğulayaraq, İstanbulun qlobal mədəniyyət mərkəzlərindən biri kimi rolunun bu cür tədbirlərlə daha da gücləndiyini bildirib.
Azərbaycan geniş təmsil olunub
Forumda Azərbaycan 9 nəşriyyat nümayəndəsi ilə təmsil olunub. Ümumilikdə 150-yə yaxın ikitərəfli işgüzar görüş keçirilib.
Introtema Müəllif Hüquqları Agentliyinin Azərbaycan nümayəndəsi Xəyalə Murad bildirib ki, Azərbaycan naşirləri hər il tədbirdə fəal iştirak edir, həm yeni müəllifləri, həm də Azərbaycan dilində nəşr olunan əsərləri beynəlxalq bazara təqdim etməyə çalışırlar.
Onun sözlərinə görə, son dövrdə Azərbaycan müəlliflərinin əsərlərinin xarici dillərə satışı artıb. Şri-Lanka, Albaniya, Türkiyə, Özbəkistan və Banqladeş kimi ölkələrə müəllif hüquqları verilib və kitablar həmin dillərə tərcümə edilərək nəşr olunub.
Xəyalə Murad əlavə edib ki, Azərbaycanda oxucu auditoriyası genişlənir və dövlət dəstəyi nəşriyyat sektorunun inkişafına mühüm töhfə verir. Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən kitabların kitabxanalar üçün alınması, eləcə də xaricdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri bu sahənin inkişafına dəstək göstərir.
35 min görüş, 25 min ilkin razılaşma
Tədbir çərçivəsində nəşriyyatın mədəni diplomatiyada rolu da xüsusi vurğulanıb. Bildirilib ki, İstanbul Nəşriyyat Peşəkar Görüşləri indiyədək 35 mindən çox ikitərəfli işgüzar görüşün və 25 mindən artıq ilkin müəllif hüquqları razılaşmasının əsasını qoyub.
Bu il təxminən 10 nəşriyyatla təmsil olunan Azərbaycan keçirdiyi intensiv görüşlər və beynəlxalq müəllif hüquqları təşəbbüsləri ilə proqramın diqqət çəkən ölkələrindən biri olub.







