Son dəqiqə

Kinematoqrafiya haqqında Qanuna yeni dəyişikliklər təklif olunur Azərbaycanda kino istehsalının hüquqi bazası yenilənir Milli və birgə istehsal filmləri üçün yeni mexanizmlər Xarici prodüserlər üçün Azərbaycanda film istehsalına təşviq

“Kinematoqrafiya haqqında” Qanuna dəyişikliklər təklif olunur

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Azərbaycan Respublikasında kino istehsalı sahəsində hüquqi tənzimləmənin müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə “Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklərin edilməsi təklif olunur.

TurkicWorld xəbər verir ki, bununla bağlı yeni qanun layihəsi Milli Məclisin Mədəniyyət komitəsinin yanvarın 19-da keçirilən iclasının gündəliyinə daxil edilib. Layihə kino industriyasında anlayışların dəqiqləşdirilməsini, dövlət dəstəyi mexanizmlərinin institusional əsaslarının genişləndirilməsini və sahənin investisiya cəlbediciliyinin artırılmasını nəzərdə tutur.

Qanun layihəsinə əsasən, mövcud qanunun 1-ci maddəsinə “milli film”, “xarici film”, “birgə istehsal filmi”, “film istehsalı” anlayışları, eləcə də film istehsalının mərhələlərini əhatə edən “hazırlıq”, “çəkiliş” və “tamamlanma” anlayışları əlavə edilir. Bu dəyişikliklər hüquqi terminologiyanın aydınlaşdırılmasına və tətbiq mexanizmlərinin dəqiqləşdirilməsinə xidmət edir.

Layihədə “yerli prodüser” və “xarici prodüser” anlayışlarının ayrıca müəyyən edilməsi də nəzərdə tutulur. Bu yanaşma hüquqi münasibətlərdə subyektlərin statusunu daha dəqiq müəyyən etməyə, dövlət dəstəyi və təşviq mexanizmlərinin tətbiqi zamanı şəffaflığı artırmağa imkan verəcək. Eyni zamanda, qanunda istifadə olunan “müştərək çəkilmiş film” anlayışının “birgə istehsal edilmiş film” termini ilə əvəz edilməsi beynəlxalq hüquqi terminologiyaya uyğunluq yaradır.

Qanunun 3-cü maddəsinə edilən dəyişikliklə xarici prodüserlərin Azərbaycan ərazisində film istehsalına cəlb edilməsi dövlət siyasətinin ayrıca istiqaməti kimi təsbit olunur. Bu müddəa Azərbaycanın beynəlxalq kino bazarına inteqrasiyasının gücləndirilməsinə və mədəni diplomatiyanın inkişafına yönəlib.

Qanunun 13-cü maddəsinə əlavə olunan yeni müddəalara əsasən, xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclərin müəyyən edilmiş qaydalara uyğun olaraq qismən geri ödənilməsi mexanizmi qanunvericilikdə öz əksini tapır. Bu mexanizm bir sıra ölkələrdə tətbiq olunan uğurlu maliyyə təşviqi modeli kimi xarici investisiyaların cəlb edilməsinə, yerli xidmət sektorunun inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə verə bilər.

Qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, Azərbaycanda kinematoqrafiya sahəsində hüquqi tənzimləmə daha da təkmilləşdiriləcək. Bu, beynəlxalq və birgə istehsal layihələrinin artmasına, ölkənin kino sənayesinə xarici maliyyə axınının güclənməsinə, Azərbaycanın mədəni və yaradıcı potensialının beynəlxalq səviyyədə tanıdılmasına şərait yaradacaq. Eyni zamanda dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarının genişlənməsi də gözlənilir.