Son dəqiqə

COP29 Türk Dövlətləri Təşkilatı (TDT)

TDT nazirlər səviyyəsində ətraf mühit və dayanıqlı inkişaf sahəsində birgə fəaliyyət planına imza atdı

Bakı, TurkicWorld

Türk Dövlətləri Təşkilatı nazirlər səviyyəsində ətraf mühit və dayanıqlı inkişaf sahəsində birgə mövqe, ortaq fəaliyyət planına imza atdı.

Bu barədə TurkicWorld-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ərtaf mühit və ekologiya nazirlərinin ilk görüşü "Nazirlər Bəyannaməsi"nin imzalanması ilə yekunlaşıb.

2024-cü ilin iyulunda Şuşada TDT-nin Dövlət başçılarının Zirvə görüşündə imzalanmış "Qarabağ Bəyannaməsi"nin davamı olaraq TDT-yə üzv dövlətlər nazirlər səviyyəsində birgə ekoloji problemlərin həlli və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində əməkdaşlığı gücləndirmək niyyətlərini təsdiqləyiblər.

Görüşdə ətraf mühit sahəsində ortaq çağırışların həllinə nail olmaq üçün fikir mübadiləsi aparılıb, dayanaqlı inkişafı təşviq edən önəmli addımların vacibliyi, regional və beynəlxalq ekoloji problemlərin həllində birgə yanaşmanın əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, TDT-yə üzv dövlətlər birgə mövqe və ortaq fəaliyyət planı yaratmaq istiqamətində perspektivləri müəyyənləşdiriblər.

Tərəflər dayanıqlı və davamlı gələcək naminə aktiv əməkdaşlığın davam etdirilməsi niyyətlərini ifadə ediblər.

Ətraf mühit və dayanıqlı inkişaf sahəsində COP29-da səslənən planetar çağırışların və təşəbbüslərin həlli istiqamətində TDT tərəfindən birgə fəaliyyət haqqında "Nazirlər Bəyannaməsi"nin Bakıda imzalanması COP29-a ev sahibliyi edən Azərbaycanın beynəlxalq və regional səviyyədəki liderliyini daha da möhkəmləndirir.

COP29 çərçivəsində keçirilən görüşdə TDT-yə üzv dövlətlərin-Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin ekologiya və təbii sərvətlər nazirləri, həmçinin TDT-nin Baş Katibi iştirak edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Mövzuya görə xəbərlər