Son dəqiqə

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi AYNA

Azad olunmuş ərazilərə avtobus reyslərinə oktyabr ayı üçün biletlər satışa çıxarılacaq

Bakı. TurkicWorld

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə oktyabr ayı üçün biletlər 27 sentyabr 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

AYNA-dan TurkicWorld-a bildirilib ki, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş olunmalıdır.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bugünədək ümumilikdə 798 reys həyata keçirilib, 32363 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Mövzuya görə xəbərlər