Bakı, TurkicWorld
Cari ilin 4-5 iyul tarixlərində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) İdarə heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Krallığında işgüzar səfərdədir.
ANAMA-dan TurkicWorld-ə verilən məlumata görə, səfər çərçivəsində Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramının (BMTİP) nümayəndələri, eləcə də Avropa İttifaqına bir sıra üzv dövlətlərin səfirləri və regionumuza məsul diplomatları ilə görüşlər keçirilib.
4 iyul tarixində COEST (Avropa İttifaqının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupu) nümayəndələri ilə keçirilən görüşün başlıca məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina problemi, həmin problemin aradan qaldırılması istiqamətində qarşıda duran vəzifə və hədəflər, eləcə də mövcud və gələcək beynəlxalq əməkdaşlıq imkanlarına dair müzakirələrdən ibarət olub.
5 iyul tarixində Brüsseldəki BMT evində keçirilən görüş ölkəmizin Belçika Krallığındakı Səfirliyinin və BMTİP-in Brüssel ofisinin birgə təşkilatçılığı ilə baş tutub.
Regionun inkişafına, insanların həyat və sağlamlığına, ətraf mühitin canlanmasına ciddi təhlükə yaradan mina və müharibənin digər partlayıcı qalıqları probleminin həllinə nail olmağın kollektiv səy və möhkəm tərəfdaşlıq tələb etdiyini qeyd edən Vüqar Süleymanov Aİ, BMTİP və Azərbaycana dəstək göstərən dövlətlərə minnətdarlıq ifadə edib, problemin həcmini nəzərə alaraq davamlı və geniş dəstəyin əhəmiyyətini vurğulayıb.
Görüşdə BMTİP və Aİ-nin dəstəyi ilə yaradılması nəzərdə tutulan Azərbaycanda Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzinin qlobal miqyasda ən yaxşı təcrübələrin paylaşılmasında əhəmiyyətli rolu diqqətə çatdırılıb.
Belçika Krallığının mina sahələrinin xəritəyə alınması və tədqiqatında dronların istifadəsi ilə bağlı təcrübəsinin öyrənilməsi üçün Droneporta səfər edilib.