Ermənilər Xocalıdakı cinayətlərə görə cəzasız qaldılar - Fransanın "La Gazette du Caucase" nəşri

Ermənilər Xocalıdakı cinayətlərə görə cəzasız qaldılar - Fransanın "La Gazette du Caucase" nəşri

Bakı. TurkicWorld:

Parisin "La Gazette du Caucase" onlayn qəzetinin baş redaktoru, tanınmış fransalı jurnalist Jan-Mişel Bryun Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş məqalə dərc edib.

TurkicWorld bu barədə bazar ertəsi xəbər verir.

"Erməni Silahlı Qüvvələrinin bu təsəvvür edilməyəcək qədər dəhşətli cinayəti törətməsinin üzərindən 32 il keçib. Hücum edənlərin əlindən qurtula bilənlər meşədə sığınacaq axtararkən öldürülüb, digərləri soyuqdan ölüb və ya ağır yaralanıb. Onların əksəriyyəti qadın, uşaq və yaşlılar idi.

Erməni basqını Azərbaycan ərazisinin 20 faizindən çoxunun işğal olunmasına və 20 mindən çox insanın həlakına səbəb oldu. 50 mindən çox insan yaralandı və ya şikəst oldu. Ermənilərin etnik təmizləmə siyasətinin qurbanına çevrilmiş bir milyondan çox dinc sakin təqribən otuz il müddətində qaçqın və məcburi köçkün kimi yaşadı", - deyə müəllif yazır.

Jan-Mişel Bryun vurğulayıb ki, bu cinayətlərə görə nə ABŞ, nə də Avropa İttifaqı (Aİ) tərəfindən Ermənistana qarşı heç bir sanksiya qəbul olunmayıb.

"Eynisi Fransaya da aiddir. O da heç vaxt nə suveren dövlətin işğalına, nə etnik təmizləməyə, nə də Xocalı soyqırımına görə heç vaxt Ermənistanı qınamadı. Əksinə, bir neçə Fransa şəhəri həmin dövrdə erməni işğalı altında olan bir neçə Azərbaycan şəhəri ilə qardaşlıq sazişi imzaladı", - deyə Bryun qeyd edib.

Daha sonra məqalədə qeyd olunur ki, ötən il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində dövlət bayrağını sancanda bu bütün azərbaycanlılar üçün ədalətin bərpasını bildirən tarixi hadisə oldu.

"Bu gün Xocalıda irimiqyaslı tikinti-bərpa işləri aparılır. Xaraba qoyulmuş yüzlərlə ev bərpa olunur. Hazırda şəhərdə yolların, rabitə, su təchizatı, kanalizasiya, elektrik təchizatı xətlərinin və digər magistral xətlərin tikintisi başa çatmaq üzrədir. Çox yaxında buraya sakinlərin köçürülməsinə başlanılacaq. Yerli hakimiyyətin məlumatına görə, bu ilin ilk altı ayı ərzində 50 ailənin Xocalıya qayıdışı gözlənilir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi artıq bərpa olunub və Xocalı faciədən 32 il sonra yenidən dirçəlir", - sonda qeyd edilir.