Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Bakı. TurkicWorld

Türkiyə Respublikasının xarici işlər naziri Mevlut Çavuşoğlu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı edilmiş xain terror hücumunu qətiyyətlə pisləyib.

Nazirlikdən TurkicWorld-ə verilən məlumata görə, səfirliyin hadisə nəticəsində həyatını itirmiş əməkdaşına görə mərhumun ailəsinə və Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb.

Nazir Mevlüt Çavuşoğlu Azərbaycanın yalnız olmadığını, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov bu qardaşlıq və həmrəylik diləklərinə görə Türkiyə xarici işlər nazirinə minnətdarlığını bildirib, xain terroru törədənlərin və havadarların ən qısa zamanda ədalət qarşısında cavab verməsi üçün Azərbaycan tərəfinin əlindən gələni əsirgəməyəcəyini bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.