Son dəqiqə

Naxçıvan İran Ombudsman

Ombudsman İran ərazisindən Naxçıvana PUA hücumlarını pisləyib

BAKI,TurkicWorld

Bu gün İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Beynəlxalq Hava Limanının terminal binasına və Şəkərabad kəndində məktəb binasının yaxınlığına pilotsuz uçuş aparatlarının hücumları həyata keçirilmişdir.

TurkicWorld xəbər verir ki, müraciətin mətni Ombudsman Aparatının rəsmi saytında dərc edilib.

Mülki obyektləri hədəfləyən və mülki şəxslərin xəsarət alması ilə nəticələnən bu məqsədli hücumu şiddətlə qınayır və dünya ictimaiyyətini bu terror aktına münasibət bildirməyə çağırırıq.

Mülki əhali və infrastrukturların təhlükəsizliyinə yönəlmiş istənilən hücum beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn, xüsusilə Cenevrə Konvensiyalarının normalarının kobud pozuntusudur. Bu kimi qəsdlər dövlətlərin ərazi bütövlüyü və suverenliyi, eləcə də qonşuluq prinsiplərinə zidd olmaqla bir daha təkrarlanmamalıdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq vurğulamaq istərdim ki, mülki şəxslərin həyat və sağlamlığının qorunması bütün dövlətlərin üzərinə düşən fundamental öhdəliklərdəndir. Baş vermiş hadisənin tez bir zamanda beynəlxalq hüququn tələblərinə uyğun şəkildə hərtərəfli araşdırılması, məsələyə aydınlıq gətirilməsi, təqsirkar şəxslərin cəzalandırılması və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi vacibdir.

Dövlətlərin suveren hüquqlarına hörmət etmək, mülki əhali və obyektlərin qorunması BMT Nizamnaməsinə əsasən hər bir üzv ölkənin əsas vəzifələrindən birirdir.

Mövzuya görə xəbərlər