Zakir Həsənov Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb (FOTO)

Zakir Həsənov Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb (FOTO)

Bakı. TurkicWorld:

Mayın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi cənab Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, qonaqları salamlayan müdafiə naziri dövlət başçılarının qardaşlıq və dostluq münasibətlərinin hər iki ölkə arasında əməkdaşlığa böyük töhfə verdiyini xüsusi vurğulayıb.

General-polkovnik Z.Həsənov ölkələrimiz arasında digər istiqamətlərdə olduğu kimi hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində də əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Müdafiə naziri bu münasibətlərin regionda sülhün, təhlükəsizliyin və əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyini deyib.

Səmimi qəbula görə təşəkkürünü bildirən cənab S.Hacımüftüoğlu qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının inkişaf perspektivləri, habelə maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.