Ermənistanda etiraz aksiyaları təşkil edənlər illüziyalarla yaşayırlar - Ceyhun Bayramov

Ermənistanda etiraz aksiyaları təşkil edənlər illüziyalarla yaşayırlar - Ceyhun Bayramov

Bakı. TurkicWorld:

Ermənistanda küçələrdə etiraz aksiyalarını təşkil edənlər, onun başında duranlar illüziyalarla yaşayan şəxslərdir.

TurkicWorld-un məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, həmin şəxslər uzun illər ərzində, 30 ilə yaxın erməni xalqına yalan vədlər verib, bugünkü gün Ermənistanı uçurum vəziyyətinə gətiriblər.

“Görünən odur ki, bu, hakimiyyət uğrunda mübarizənin tərkib hissəsidir və Qarabağ mövzusu ilə yenidən özlərini gündəmə gətirmək istəyirlər.

Təbii ki, biz prosesləri izləyirik. Müəyyən mənada bir məqamı da qeyd etmək olar ki, etirazlarda geniş ictimai dəstəkdən söhbət getmir. Onların arxasınca gedənlərin sayı 6-7 mindən artıq deyil. Bu da onun göstəricisidir ki, artıq bu yalan və illüziyalardan Ermənistan cəmiyyəti də yorulub”, - deyə C.Bayramov əlavə edib.